Hafiz Paşayev – diplomatiya, elm və maarifçiliyin vəhdəti
Azərbaycanın ictimai-siyasi və elmi fikir tarixində elə simalar var ki, onların fəaliyyəti konkret bir sahənin hüdudlarını aşaraq bütöv bir nəslin mənəvi oriyentinə çevrilir. Bu gün doğum gününü qeyd etdiyimiz professor Hafiz Paşayev məhz belə şəxsiyyətlərdəndir. Onun ömür yolu təkcə uğurlu bir karyeranın xronikası deyil, həm də kökü Mir Cəlal Paşayev ocağından süzülüb gələn, müasir dövrün tələbləri ilə cilalanmış əsl ziyalı manifestidir. Hafiz Paşayevin simasında alim dəqiqliyi, diplomat uzaqgörənliyi və pedaqoq fədakarlığı elə bir vəhdət təşkil edir ki, bu, cəmiyyətimiz üçün həm nadir, həm də olduqca zəruri nümunə yaradır.
Onun şəxsiyyətini xarakterizə edən ən mühüm cizgi, şübhəsiz ki, Mir Cəlal mənəviyyatına sadiqlikdir. Böyük ədibin "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir" fəlsəfəsi Hafiz Paşayevin həm şəxsi həyatında, həm də dövlətə xidmətində ana xətt kimi keçir. Valideynlərindən miras qalan səmimiyyət və təbiilik onun ən uca diplomatik kürsülərdə belə dəyişməyən daxili bütövlüyünün əsas sütunudur. Bu, insanın daxili aləmi ilə tutduğu mövqe arasındakı harmoniyadır.
Hafiz Paşayevin Azərbaycan diplomatiyası qarşısındakı xidmətləri tariximizin ən mürəkkəb dönəmlərindən birinə təsadüf edir. Müstəqilliyimizin ilk illərində dünya siyasətinin əsas mərkəzi olan Vaşinqtonda dövlətimizin ilk elçisi olmaq həm böyük şərəf, həm də ağır məsuliyyət idi. O bu vəzifəni Vətənin uğurları üçün narahatlıq keçirən bir vətəndaş kimi icra etdi. Onun fizikadan gələn analitik düşüncəsi diplomatiyanın incə qanunauyğunluqları ilə birləşərək Azərbaycanın milli maraqlarının ən yüksək səviyyədə müdafiə olunmasına xidmət göstərdi.
Hafiz Paşayevin millətin gələcəyinə yönəlmiş ən böyük töhfəsi ADA Universitetidir. Bu ali təhsil ocağı onun uzun illər boyu qəlbində bəslədiyi maarifçilik idealının gerçəkləşmiş formasıdır. ADA bu gün təkcə modern binaları və texnoloji imkanları ilə deyil, yaratdığı unikal akademik mühitlə də seçilir. Hafiz Paşayev burada "beyin axınının" qarşısını alan akademik mühit yaratmağa nail olub. Gənclərimizin artıq xarici ölkələrdə deyil, məhz öz vətənlərində ən yüksək standartlara uyğun təhsil almaq üçün ADA-nı seçməsi bir rektor və pedaqoq üçün ən böyük mükafatdır. Onun universitetdə nümayiş etdirdiyi təvazökarlıq gənc nəsil üçün hər hansı mühazirədən daha təsirli mənəviyyat dərsidir.
Hafiz Paşayev həm də tariximizə və milli dəyərlərimizə olan sonsuz qayğısı ilə tanınır. "Azərbaycan" qəzetinin ərəb əlifbasından latın qrafikasına köçürülməsi, Qazax Müəllimlər Seminariyasının bərpası kimi təşəbbüslər onun keçmişlə gələcək arasında qurduğu mənəvi körpülərdir.
Hafiz Paşayevin ömrü təmənnasız xidmətin, dövlətə sədaqətin və insanın öz mahiyyətini itirmədən ucala biləcəyinin parlaq sübutudur. Bu ömür yolu gələcək nəsillər üçün hər zaman mayak rolunu oynayacaq və Azərbaycanın intellektual elitasının formalaşmasında əvəzsiz nümunə olaraq qalacaqdır.
00:04 02.05.2026
Oxunuş sayı: 151