Hövsan necə adaya çevrilir?
Güclü yağışlar yağdıqdan sonra Hövsan qəsəbəsi vətəndaşların üz tuta biləcəyi istirahət zonasına çevrilir. Burada insanlar üzmə bacarıqlarını inkişaf etdirməyə çalışır, nəqliyyat vasitələri isə suya davamlı olduqlarını sübut edirlər. Leysan xarakterli yağışlardan sonra mağazalara və evlərə gedən yollar aydınlanır, bir növ təmizlənmiş olur. Hazırda qəsəbə statusu daşıyan Hövsan bu cür yağışların davam edəcəyi təqdirdə, Xəzərə sahil hissləri də nəzərə alınmaqla ada elan ediləcək. Bu "ada"nın ətrafında "üzən" maşınlar qəsəbə sakinlərinə Venesiyanı xatırladır. Əslində bu yolla onlar həm də istirahət etmiş olurlar. İlin üç fəsli (qış, payız, yaz) turist qəbulu da məqsədəuyğundur. Sakinlər bu dırnaqarası problemin həll olunmasını istəmir, qəsəbənin bir nömrəli turizm obyektinə çevrilməsini tələb edirlər. Hətta bəzi sakinlər evlərinin eyvan hissəsini xarici ölkə vətəndaşları üçün ayırıb və bu gözəl mənzərəni izləmələri üçün icarə elanı veriblər. Bununla yanaşı ərazidə balıqçılıq da yüksək səviyyədə inkişaf edir. Yağan son yağışlar qəsəbədə "dəniz" məhsullarına tələbatını artmasına təkan verib. Misirdə Nil çayının təsərüfatın əsas qaynağı olduğu kimi, bura da məhz müxtəlif növ təsərüfat sahələrinin inkişafına təkan verməkdədir.
Ətraf ərazilərdən gələn şəxslər də şəkil və ya video çəkdirmək üçün növbədə dururlar. Bir sıra xarici ölkə bloggerləri də öz sosial şəbəkə hesbalarında burada heyran olduqları füsunkar gözəlliyi paylaşıblar. Mağazalardan evlərə qayıqla çatdırılma xidməti də müştərilərin istifadəsinə verilib. Hətta bəzi taksi şirkətləri yeni növ elektrik avtomobillərini qayıqlarla əvəz ediblər. Bunlar da müxtəlif kateqoriyalara bölünür. Bəzi qayıqlar hətta suyun dərinliyi ilə hərəkət edərək, vətəndaşlara yeni növ dəniz canlılarını görmək imkanı yaradırlar. Yaxın zamanda bölgədə helikopterlə danışma xidməti də istifadəyə veriləcək. Məhz bu hadisə səbəbindən teknikanın da inkişafı sürətlənəcək, çünki, avtomobil və avtobusların suda üzə bilməsi üçün yeni innovasiyalar tətbiq olunacaq.
P.S: Bu qeydlər, əlbəttə, xeyli dərəcədə ironiya, lap deyək ki, sarkazmdır. Amma yerində və heç də reallıqdan uzaq olmayan. Necə deyərlər, gerisini siz düşünün...
Turqut Ansari
20:49 06.04.2026
Oxunuş sayı: 153