Bəyanatdan böhrana: Bakı–Moskva münasibətlərində yeni risklər
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistandakı daxili siyasi prosesləri şərh edərkən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını qeyri-etik və kontekstdən kənar şəkildə hallandırması Bakı ilə Moskva arasında diplomatik gərginliyi pik həddə çatdırıb.
Azərbaycan tərəfinin kəskin etirazı və rəsmi izahat tələbi ilə müşayiət olunan bu hadisə, iki ölkə arasındakı strateji tərəfdaşlıq ruhuna zidd addım kimi qiymətləndirilir.
Rəsmi Bakının dövlət irsinə qarşı hörmətsizlik olaraq qəbul etdiyi bu bəyanat, Rusiyanın regiondakı "diqqət yayındırma" manevri və ya ikitərəfli münasibətlərdə yeni bir soyuqluq mərhələsinin başlanğıcı kimi təhlil edilir.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bildirib ki, Mariya Zaxarovanın Azərbaycana qarşı qərəzli mövqeyi yeni deyil və o, zaman-zaman ermənipərəst yanaşması ilə seçilib:

"Zaxarovanın son açıqlaması onun qərəzinin və emosional yanaşmasının nəticəsidir. Nə Nikol Paşinyanın məlum çıxışı, nə də jurnalistin sualı belə bir reaksiyaya əsas verirdi. Bu, açıq şəkildə əsassız və məqsədli yanaşmadır".
Deputat qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin sovet dövründə həm təhlükəsizlik orqanlarında, həm də dövlət idarəçiliyində fəaliyyəti Azərbaycanın inkişafında dönüş nöqtəsi olub:
"1969-cu ilin iyulunda Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoydu. Onun təşəbbüsü ilə sənaye, elm və təhsil sahələrində geniş islahatlar həyata keçirildi və respublikanın ittifaq miqyasında nüfuzu əhəmiyyətli dərəcədə artdı. Bu faktlar danılmazdır və Zaxarova da bundan xəbərdardır".
T. Rüstəmxanlı vurğulayıb ki, bu cür yanaşma yalnız bir şəxsə deyil, bütövlükdə Azərbaycan xalqına qarşı hörmətsizlik kimi qəbul olunur:
"Bu açıqlama Ümummilli Liderin zəngin siyasi irsinə qarşı açıq hörmətsizlikdir. Zaxarova məsələ ilə bağlı izahat verməli və Azərbaycandan üzr istəməlidir".
Deputat həmçinin Rusiyanın regiondakı siyasətini tənqid edərək bildirib ki, Moskva tarixən müxtəlif bölgələrdə gərginlik ocaqlarının formalaşmasında rol oynayıb:
"Rusiyanın perimetri boyunca mövcud olan münaqişələrə baxdıqda, onların əksəriyyətinin Kreml tərəfindən idarə olunan və zaman-zaman alovlandırılan proseslər olduğu görünür. Bu, Rusiyanın hələ də SSRİ-nin süqutu ilə barışa bilmədiyini göstərir".
Sonda deputat qeyd edib ki, əgər rəsmi Moskva tərəfindən adekvat reaksiya verilməzsə, bu məsələ daha ciddi diplomatik müstəviyə keçə bilər:
"Əgər Zaxarova üzr istəməzsə, rəsmi Bakı onun vəzifədən uzaqlaşdırılması məsələsini gündəmə gətirə bilər. Çünki bu cür çıxışlar Azərbaycanla Rusiya arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur".
Nigar Yahyazadə
18:04 24.03.2026
Oxunuş sayı: 49