Azərbaycan–Türkiyə qardaşlığına qarşı gizli hücumlar - ekspertdən xəbərdarlıq
“Türkiyədə sosial şəbəkə platformasında və bəzi qruplar üzərindən Azərbaycana qarşı aparılan anti-kampaniya birbaşa Azərbaycan-Türkiyə qardaşlığına, birliyinə xəyanətdir!”
Bu sözləri Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib.
“Qardaş Türkiyədə hansısa qüvvələr Azərbaycana və ölkə rəhbərinə qarşı anti-təbliğat aparmaqla, həm münasibətlərimizi korlamağa, həm də ictimai rəyi ölkəmizə qarşı yönəltməyə çalışırlar. İllərlə qurulan qardaşlıq ruhunu zədələmək və incitmək üçün var gücləri ilə fəaliyyət göstərirlər.

Xüsusilə, bunu sosial şəbəkələr üzərindən aparırlar. Sanki bununla bağlı ortada təşkilatlanmış və idarə olunan fəaliyyət sistemi var. İnsanlarda belə təəssürat yaranır”.
E.Eltürk onu da qeyd edib ki, insanları səhv istiqamətə yönəltməyə çalışanlar çirkin niyyətlərini reallaşdıra bilməyəcəklər.
“Türkiyənin rəhbərliyi müdrik insanlardır. İllərlə qurulan əlaqələrin ideoloji, siyasi-iqtisadi və strateji təməllərini formalaşdırılmasında birbaşa iştirak ediblər.
Onlar prosesin arxasında nələr durduğunu yaxşı bilirlər. Yenə də son dərəcə ayıq-sayıq olmaq lazımdır. Qardaşlıq münasibətlərinə nifaq salmağa imkan verməməliyik. Bu məsələdə nüfuzlu şəxslərimiz prosesdə fəal olmalıdırlar. İki qardaş ölkə regionun lider dövləti olmaqla yanaşı, həm də təhlükəsizliyinin qarantıdırlar”.
Fatimə
11:28 12.03.2026
Oxunuş sayı: 112