Azərbaycan sülh sazişini dərhal imzalamağa hazırdır - ŞƏRTLƏR AÇIQLANDI
İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişdən məmnunluğunu ifadə edərək, bunu təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı üçün müsbət addım adlandırıb.
Pezeşkian bu barədə Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüş zamanı bildirib.
"Biz xalqların sülh, qarşılıqlı hörmət və dinc şəraitdə yan-yana yaşadıqları bir dünya qurmaq üçün konstruktiv qarşılıqlı əlaqə yolu ilə hərəkət etməliyik", - Pezeşkian deyib.
Pezeşkian həmçinin qeyd edib ki, İran qonşu ölkələrlə, xüsusilə də Ermənistanla hərtərəfli əlaqələri genişləndirməyə və dərinləşdirməyə hazırdır. O, Tehran və İrəvan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd üzərində işin tamamlanmasına hazır olduğunu bildirib.
O vurğulayıb ki, İranın siyasəti regionda sülhün, sabitliyin və dayanıqlı təhlükəsizliyin dəstəklənməsindən ibarətdir və hər hansı sabitliyi pozan hərəkətlər bütün region dövlətlərinə zərər verir.
Öz növbəsində Suren Papikyan müdafiə, iqtisadiyyat və nəqliyyat sahələrində uğurlu əməkdaşlığı qeyd edib və qonşu İranla tərəfdaşlığın strateji əhəmiyyətini vurğulayıb.
Onun səsləndirdiyi fikirlər Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi diqqət çəkir. Post-münaqişə mərhələsində regionda nisbi sabitliyin müşahidə olunması, tərəflər arasında sülh danışıqlarının intensivləşməsi və normallaşma proseslərinin davam etməsi təhlükəsizlik məsələsinin aktuallığını daha da artırır. Bu baxımdan regionun hazırkı təhlükəsizlik mühiti, mövcud risklər və sülh sazişinin imzalanmasından sonra yaranacaq perspektivlərin qiymətləndirilməsi mühüm müzakirə mövzusu kimi çıxış edir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə Crossmedia.az-a açıqlama verib:
"Bu gün regionda artıq müharibə yoxdur və yeni hərbi toqquşma təhlükəsi də gözlənilmir. Azərbaycanın apardığı məqsədyönlü və prinsipial siyasət regiona sülh və sabitlik gətirib. Bunun əsasında isə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi və dövlət suverenliyini tam şəkildə bərpa etməsi dayanır.
Ermənistan gec də olsa anladı ki, bir dövlət kimi mövcudluğunu qoruyub saxlamaq və beynəlxalq birlikdə layiqli yer tutmaq üçün əsas şərt Azərbaycan torpaqlarına iddialardan imtina etməkdir. Məhz bu reallığın nəticəsi olaraq rəsmi Bakı və İrəvan arasında sülh sazişinin mətni hazırlanıb və ABŞ prezidentinin iştirakı ilə paraflanıb".
Deputat əlavə edib ki, hazırda Azərbaycan Ermənistan Konstitusiyasında dəyişikliklə bağlı prosesi gözləyir: "Əgər həmin sənəddə Azərbaycana qarşı ərazi iddiasını əks etdirən müddəalar aradan qaldırılarsa, o zaman Azərbaycan, cənab Prezidentin də bəyan etdiyi kimi, dərhal sülh müqaviləsini imzalamağa hazırdır. Sülh sazişinin imzalanması regiona uzunmüddətli sülh, əmin-amanlıq və sabitlik gətirəcək, hərbi təhlükələri minimuma endirəcək. Sülhdən sonra Azərbaycan–Ermənistan və Ermənistan–Türkiyə sərhədlərinin açılması mümkün olacaq. Bu isə regionda iqtisadi canlanmaya, investisiya axınına və qarşılıqlı əməkdaşlığın genişlənməsinə şərait yaradacaq. Azərbaycanın təşəbbüskarı və təşkilatçısı olduğu Zəngəzur dəhlizi layihəsi region dövlətlərini bir-birinə daha sıx bağlayacaq, nəqliyyat və logistika imkanlarını genişləndirəcək. Bütün bunlar regionda müharibə riskinin aradan qalxmasına və davamlı sabitliyin formalaşmasına xidmət edəcək. Əgər Ermənistan bundan sonrakı fəaliyyətini öz bəyanat və öhdəliklərinə uyğun şəkildə qurarsa, o zaman regionda sülhün və əmin-amanlığın bərqərar olacağına ümid etmək üçün real əsaslar mövcud olacaq".
Ayhan
11:48 26.02.2026
Oxunuş sayı: 599