Səməd Vurğunla bağlı sərəncam klassik irsə yüksək ehtiramın bariz ifadəsidir -RƏY
Azərbaycanın ədəbi-mədəni irsinin qorunması və görkəmli söz ustadlarının yubileylərinin dövlət səviyyəsində qeyd olunması milli yaddaşın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu kontekstdə Prezident İlham Əliyev tərəfindən Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd olunması ilə bağlı imzalanan sərəncam yalnız yubiley xarakterli tədbir kimi deyil, həm də Azərbaycan ədəbiyyatının klassik irsinə verilən yüksək dəyərin göstəricisi kimi qiymətləndirilir. Səməd Vurğunun yaradıcılığı milli poetik düşüncənin formalaşmasında, vətənpərvərlik ideyalarının və humanist dəyərlərin təbliğində mühüm rol oynadığından, onun irsinin yenidən diqqət mərkəzinə gətirilməsi həm ədəbi mühit, həm də geniş ictimaiyyət üçün xüsusi aktuallıq daşıyır. Məhz bu baxımdan sözügedən sərəncamın mahiyyəti, eləcə də Səməd Vurğunun xalq yaddaşında necə yaşaması məsələsi ədəbi-mədəni müstəvidə maraq doğuran mühüm mövzulardan biri kimi ön plana çıxır.

Sərəncamın əhəmiyyəti ilə bağlı Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova Crossmedia.az-a açıqlama verib: "Prezident İlham Əliyevin Səməd Vurğunun 120 illiyinin qeyd olunması ilə bağlı sərəncamı ilk növbədə, Azərbaycan ədəbiyyatının klassik irsinə göstərilən yüksək ehtiramın bariz ifadəsidir. Bu qərar yalnız yubiley xarakteri daşımır, eyni zamanda böyük şairin yaradıcılığının elmi və mədəni mühitdə yenidən dəyərləndirilməsinə, onun ideya-estetik irsinin gənc nəsillərə daha sistemli şəkildə çatdırılmasına xidmət edir. Belə təşəbbüslər milli-mədəni yaddaşın qorunması və ədəbi ənənələrin davamlılığının təmin olunması baxımından əhəmiyyətlidir. Səməd Vurğun xalqın yaddaşında milli ruhu, güclü vətənpərvərlik idealını, humanist dəyərləri və yüksək bədii söz mədəniyyətini təcəssüm etdirən sənətkar kimi yaşayır. Onun poeziyası milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin poetik ifadəsinə çevrilərək cəmiyyətin ədəbi düşüncəsində silinməz iz buraxıb. Şairin əsərləri özündən sonrakı mərhələlərin də estetik və mənəvi tələbatına cavab verən bədii nümunələr kimi bu gün də aktuallığını qoruyur, geniş oxucu auditoriyası tərəfindən sevgi ilə qarşılanır".
Ayhan
16:31 24.02.2026
Oxunuş sayı: 570