Birləşən bələdiyyələrin DSMF borcları: onlar necə ödənəcək?
Azərbaycanda bələdiyyələr yerli özünüidarəetmə qurumları kimi fəaliyyət göstərsə də, cəmiyyətdə onların real səlahiyyətlərinin və təsir gücünün məhdud olduğu düşünülür. Vaxtilə, əsasən torpaq satışı ilə gündəmə gələn bəzi bələdiyyələr bu gün fəaliyyətlərini daha çox vergi və icarə haqlarının yığılmasına yönəldiblər.
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Crossmedia.az-a açıqlamasında 2025-ci ilin yanvarında keçirilən seçki prosesi daha çox bələdiyyələrin sayının azaldılması ilə yadda qaldığını vurğulayıb:

"Belə ki, bələdiyyələrin sayı bu seçkidən sonra 1606-dan 685-ə düşdü. Birləşdirmə müəyyən mənada bələdiyyələrin inzibati ərazilərdə çəki və nüfuzunun artmasına, maliyyənin təmərküzləşməsinə, xərclərin azalmasına öz töhfəsini vermiş olsa da, bu gün 685 bələdiyyənin bir qismi fəaliyyətə həcmi kifayət qədər böyük olan DSMF borcu ilə başladı.
Bu gün birləşdirmədən sonra fəaliyyətə başlayan 685 bələdiyyənin 30 faizədək hissəsi məhz bu borcun “bağlanılması” üçün var qüvvəsi ilə çalışır. Və borc azalmağa doğru getməkdədir.
Lakin borc hələ də bəzi bələdiyyələr üçün, xüsusəndə Biləcəri bələdiyyəsi üçün ciddi problem olaraq qalmaqdadır. Ancaq bütün bu və digər çətinliklərə baxmayaraq, bir il ərzində yeni formalaşan bələdiyyələr ortaya konkret iş qoya bildilər.
Artıq Sumqayıt bələdiyyəsinin yeni tərkibi ölkə bələdiyyələri sırasında büdcə gəliri dörd milyon manata çatan ilk bələdiyyə oldu. Sumqayıt bələdiyyəsi ilə yanaşı, paytaxtın Nərimanov, Xətai, Nəsimi, Yasamal bələdiyyələri üç milyonluq hədəfə, Səbail bələdiyyəsi iki milyonluq hədəfə, Binəqədi, Nizami və M.Ə.Rəsulzadə bələdiyyələri isə bir milyonluq hədəfə doğru irəliləməkdədirlər.
Bu bələdiyyələrin hər biri ötən bir il ərzində kifayət qədər layihə icra etməklə ərazilərində vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfələrini verə bildilər.
Maraqlı və diqqəti çəkən məqam ondadır ki, 25 il ərzində ictimaiyyət ilk dəfə bir sıra bələdiyyələrlə yanaşı, Şabran bələdiyyəsinin olduğunu da bildi. Yeni formaşalan tərkib fəaliyyətini həm ciddi şəkildə təbliğ etməklə, həm də vətəndaş-bələdiyyə münasibətlərini tənzimləməklə şəhərdə bələdiyyənin nüfuzunu bir xeyli artırmış oldu".
V.Tofiqlinin sözlərinə görə, yeni tərkibdə formalaşan qəsəbə bələdiyyələrindən Buzovna, Şüvəlan, Maştağa, Qaraçuxur, Hövsan, Sabunçu, Badamdar, Bilgəh, Binə, Bülbülə, Binəqədi qəsəbə, Zirə və Sahil bələdiyyələri fəaliyyətləri ilə seçilənlər sırasına qoşula biliblər. Adları çəkilən bələdiyyələrin hər biri vergi-uçot sisteminin təkmilləşdirməklə yanaşı, BAMS-ın verdiyi imkanlardan maksimum istifadə etməklə, o cümlədən bələdiyyə-icra və bələdiyyə-vətəndaş münasibətlərini tənzimləməklə uğura imza ata biliblər.
Fatimə Məmmədova
10:12 20.02.2026
Oxunuş sayı: 576