Azərbaycan həm Şərq, həm də Qərb üçün mühüm tərəfdaşdır - RƏY
Azərbaycanın son illərdə əldə etdiyi strateji mövqelər və çoxşaxəli inkişaf modeli ölkəni regionda və beynəlxalq müstəvidə mühüm tərəfdaşa çevirib. Bu kontekstdə Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına verdiyi müsahibədə ölkəmizin üstünlüklərini və artan beynəlxalq rolunu xüsusi vurğulayıb.
Dövlət başçısının açıqlamaları Azərbaycanın geosiyasi əhəmiyyətini, enerji və təhlükəsizlik sahələrində qazandığı mövqeləri bir daha ön plana çıxararaq, ölkənin həm Şərq, həm də Qərb üçün strateji tərəfdaş kimi formalaşdığını göstərir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar İsgəndərov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbə və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərində əldə olunan möhtəşəm nəticələr ölkəmizin suverenliyinin tam bərpası ilə başa çatmışdır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri sürətlə davam edir – biz qururuq, dirçəldirik və yeni həyat yaradırıq. Vətən müharibəsində nümayiş etdirdiyimiz beşinci nəsil müharibə yanaşması post-müharibə dövründə də öz əksini tapmışdır. Azad edilmiş ərazilərdə tətbiq olunan ağıllı şəhər və ağıllı kənd konsepsiyaları, müasir infrastruktur və rəqəmsal idarəetmə modelləri Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Bütün bunlar dövlətimizin gücünün, siyasi iradəsinin və davamlı inkişaf yolunda əzminin parlaq təzahürüdür. Bu gün Azərbaycan artıq qlobal miqyasda böyük hörmət və etimad qazanan nüfuzlu dövlətlərdən birinə çevrilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev dünya liderləri sırasında xüsusi nüfuza və siyasi çəkisinə malik dövlət xadimi kimi qəbul olunur. Azərbaycan təkcə regionda deyil, daha geniş beynəlxalq müstəvidə də mühüm aktor statusu qazanmışdır. Hazırda ölkəmiz həm Şərqdə, həm Qərbdə, həm Avrasiya məkanında, həm də digər qlobal platformalarda artan nüfuza malikdir. ABŞ ilə imzalanmış mühüm sənədlər, Çinlə strateji münasibətlər və digər böyük güclərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri bunun bariz nümunəsidir. Azərbaycan bu gün bir çox ölkələrin etibarlı enerji tərəfdaşıdır və Avropa İttifaqı, eləcə də Yaxın Şərq regionu ilə fəal əməkdaşlıq həyata keçirir".
Deputat əlavə edib ki, zaman keçdikcə ölkəmizin beynəlxalq cazibədarlığı daha da artır: "Dost və tərəfdaş ölkələrin, strateji əməkdaşlıqların və müttəfiqlərin sayının artması Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Bu gün Azərbaycan həm Şərq, həm də Qərb üçün mühüm tərəfdaş və vacib geosiyasi mərkəzə çevrilmişdir. Bu proses isə uğurla və ardıcıl şəkildə davam etməkdədir".
Elmir Heydərli
13:43 17.02.2026
Oxunuş sayı: 506