Kahramanmaraş zəlzələsi: İki qardaşın növbəti sınağı
Bu gün- 6 fevral, qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş verən dağıdıcı zəlzələnin ildönümüdür. 2023-cü ilin fevralın 6-da səhər saat 04:17 və günorta 13:24-də Kahramanmaraş və ətraf 10 vilayəti güclü zəlzələlər silkələdi: səhər 7.7, günorta isə 7.6 maqnitudalı bu zəlzələlər insan həyatına, şəhərlərə və bölgənin iqtisadiyyatına ağır zərbə vurdu. Təbiətin bu qəfil sınağı yalnız binaları dağıtmadı, həm də insanların həyatında dərin sosial, psixoloji və insani travmalar yaratdı.
Kahramanmaraş zəlzələsi nəticəsində 38 mindən çox insan həyatını itirdi, yüz minlərlə insan yaralandı və 47 min bina ya tamamilə dağılmış, ya da ciddi ziyan görmüşdü. O faciəli gün insanların ümid və qorxu içində yaşadıqları anlar heç vaxt unudulmayacaq. Ailəsinin dağıntılar altında qalmasını izləyən, sevdiklərinin taleyini gözləyən insanlar Kahramanmaraş küçələrində bir ümid işığı axtarırdılar: hər xilas edilən can onlar üçün böyük bir ümid demək idi. İnsanlar düşünürdü: “Bəlkə xilas edilən mənim ailəmdəndir...”
Qış aylarının sərt soyuğunda minlərlə insan çadırlarda qalmaq məcburiyyətində qaldı və bu humanitar böhranı daha da dərinləşdirdi. Bölgədə təcili yardım üçün 35 min axtarış- xilasetmə işçisi, 250 min dövlət işçisi və minlərlə könüllü səfərbər edildi. Türkiyə hökuməti dərhal fövqəladə hallar elan etdi və 10 vilayət üçün xüsusi yardım planları hazırladı. Jurnalist Fülya Öztürk isə xilasetmə işlərini anbaan izləyicilərə çatdıraraq faciənin böyüklüyünü canlı şəkildə göstərirdi.
Bildirək ki, faciəli günlərdə Azərbaycan dövləti və xalqı qardaş Türkiyənin yanında oldu. Azərbaycanın yardımı həm mənəvi, həm də maddi baxımdan əvəzsiz idi. Kahramanmaraşda Azərbaycan Caddesi yaxınlığında “Azərbaycan Məhəlləsi” layihəsi həyata keçirildi. Bu layihə çərçivəsində 1000 mənzilli müasir yaşayış kompleksi, Heydər Əliyev Mədəniyyət Mərkəzi, parklar, məktəb və digər sosial infrastrukturlar inşa edildi. Layihənin dəyəri 100 milyon dollar təşkil edir və bu kompleks həm qardaşlıq simvolu, həm də depremzədələr üçün uzunmüddətli həyat şəraiti təmin edir.
Azərbaycan Diaspor Komitəsinin müavini Valeh Hacıyev bu barədə çıxışlarının birində qeyd edib ki, Azərbaycan xalqı Türkiyəyə yardım üçün səfərbər oldu. Faciədən dərhal sonra Kahramanmaraş və Hatay bölgələrinə humanitar yardım göndərildi. Xüsusilə soyuq qış günləri öncəsi çadırlarda qalan zərərçəkənlər üçün: istilik cihazları, qışlıq yorganlar, elektrikli ocaqlar və gündəlik ehtiyac əşyaları çatdırıldı. Həmçinin, V.Hacıyev bildirmişdi:
"Prezident İlham Əliyevin dediyi kimi, güclü və birlikdə olduğumuz müddətcə yardımlarımız və dəstəyimiz davam edəcək. Bu, qardaşlığımızın və dostluğumuzun bir nümunəsidir. Azərbaycan həmişə Türkiyənin yanında olacaq".
Bundan əlavə, Azərbaycanın yardımları həm dövlət, həm iş adamları, həm də qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçirildi: 2 mindən artıq ton humanitar yardım Malatya və Kahramanmaraş bölgələrinə çatdırıldı, 500-dən çox yük maşını və 25 vaqonluq qatarla yardımlar ehtiyac sahələrinə göndərildi, təxminən 2 min çadır və 200 konteyner depremzədələrə təqdim edildi.
Bu genişmiqyaslı yardım Azərbaycanın qardaş Türkiyəyə həm mənəvi, həm də maddi dəstəyini açıq şəkildə göstərdi və iki ölkə arasındakı dostluq bağlarını daha da möhkəmləndirdi.
Azərbaycan Prezidenti İlham Əliyev Kahramanmaraşdakı zəlzələsininnin 3-cü ildönümü ilə bağlı dünən həmkarı Rəcəb Tayyib Ərdoğana məktub ünvanlamışdı. Həmin məktubda qeyd olunan fikirlər iki qardaş ölkə və liderlərin həmrəyliyinin növbəti nümunəsi kimi qiymətləndirilməlidir: "Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı".
Kahramanmaraş zəlzələsi iki qardaşın növbəti sınağı idi. Nə yaxşı ki, nə xoş ki, bunu bacardıq...
Fatimə Məmmədova
10:26 06.02.2026
Oxunuş sayı: 555