Cib bıçaqlarının satışının qadağan edilməsi kriminal hadisələri azaldacaq? - Sosioloq açıqladı
Azərbaycanda gənclər arasında bıçaqlanma hallarının artması son dövrlərdə ciddi ictimai narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Xüsusilə məktəblərdə və ictimai yerlərdə baş verən bu cür hadisələr cəmiyyətin təhlükəsizlik və profilaktik tədbirlərlə bağlı gözləntilərini artırır. Bu kontekstdə Milli Məclisin komitə iclasında səsləndirilən və cib bıçaqlarının satışının qadağan edilməsini nəzərdə tutan təklif diqqət mərkəzinə düşüb.
Bıçaqlanma hadisələrinin əksəriyyəti məhz cibdə asanlıqla gəzdirilən, qatlanan bıçaqlarla törədilir. Bəs bu baxımdan cib bıçaqlarının satışının qadağan edilməsi cinayət hallarının azalmasına real təsir göstərə bilərmi, yoxsa problem daha dərin səbəblərlə bağlıdır?
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Crossmedia-az-a açıqlama verib:
"Çox təəssüf ki, son dövrlərdə yeniyetmələr, gənclər, hətta uşaqlar belə ciblərində qatlanan bıçaqlar gəzdirir, bəzən bunu məktəblərə qədər aparırlar. Nəticədə hər hansı bir mübahisə, dava-dalaş zəminində bıçaqdan istifadə halları baş verir, bir-birinə xəsarət yetirilir, hətta bəzi hallarda bu, qətllə nəticələnir. Bu baxımdan belə bir təklifin irəli sürülməsini dəstəkləmək olar.

Ümumilikdə, bıçaq soyuq silah sayılır, təhlükəlidir və üzərində gəzdirmək doğru deyil. Amma düşünmürəm ki, bu cür qadağalar problemi köklü şəkildə həll etsin və ya çox böyük miqyasda təsir göstərsin. Bununla belə, müəyyən qədər təsiri olacaq. Hər bir halda, bu tədbir cəmi bir neçə insanın həyatını xilas etsə belə, bu artıq çox böyük və dəyərli bir nəticədir.
Eyni zamanda burada nəzərə alınmalı bəzi məqamlar da var. Belə ki, üzərində kiçik cib bıçağı saxlayan insanlar da mövcuddur. Məsələn, səfərdə olarkən, parkda, təbiət qoynunda və ya piknik zamanı meyvə doğramaq, gündəlik məişət məqsədləri üçün istifadə edən şəxslər var və bunların böyük əksəriyyəti normal, qanuna zidd niyyəti olmayan insanlardır. Bu səbəbdən, məsələyə yanaşmada müəyyən ziddiyyətlər və mübahisələr yarana bilər".
Ekspert əlavə edib ki, bu baxımdan konkret standartlar və mexanizmlər hazırlanmalıdır: "Yəni, hansı növ bıçaqların harada və hansı hallarda gəzdirməsinin qadağan olduğu dəqiq şəkildə müəyyənləşdirilməlidir. İlk növbədə məktəblərdə, ali təhsil müəssisələrində, ümumiyyətlə, ictimai və təhsil yönümlü məkanlarda bıçaq gəzdirmək qəti şəkildə qadağan olunmalıdır. Amma təbiət qoynuna, parka və ya piknikə gedən insanların üzərində normal istifadə məqsədilə belə alətlərin olması ayrıca qiymətləndirilə bilər.
Hər bir halda, məsələ ondadır ki, insanlar adi bir mübahisə zəminində üzərində soyuq silah olduqda, affekt vəziyyətində ondan istifadə edə bilərlər. Əgər üzərində belə bir vasitə olmazsa, ən pis halda dava-dalaş əlbəyaxa mübahisə ilə bitə bilər və bu da ölümcül nəticələrə gətirib çıxarmaz. Amma hər hansı bir silah olduqda, insan emosiyalarına hakim ola bilməyərək onu istifadə edə bilər.
Bu baxımdan bıçaq gəzdirmənin qadağan olunması məqsədəuyğundur. Hesab edirəm ki, bu addım çox ciddi və kütləvi təsir göstərməsə də, müəyyən qədər belə halların azalmasına səbəb ola bilər. Düzdür, kiminsə məqsədi başqasına xəsarət yetirmək və ya qətl törətməkdirsə, o, başqa vasitələrdən də istifadə edə bilər. Amma yenə də bu qadağa bir sıra halların qarşısını ala və riskləri azalda bilər.
Ümumiyyətlə, belə halların minimuma endirilməsi üçün bu cür qadağalar tətbiq olunmalıdır. Çox müsbət haldır ki, Azərbaycanda odlu silahın saxlanılması və gəzdirməsi qadağandır. Bir çox ölkələrdə bunun açıq şəkildə icazəli olması ağır cinayətlərin artmasına səbəb olur. Bu baxımdan ölkəmizdə vəziyyət nisbətən yaxşıdır. Daha da yaxşılaşdırmaq üçün isə bu kimi əlavə dəyişikliklər və yeniliklər tətbiq edilə bilər ki, insanlar bir-birinə qarşı öldürücü vasitələrə asanlıqla sahib olmasınlar. Xüsusilə ictimai yerlərdə, iş yerlərində və təhsil müəssisələrində bu məsələyə ciddi nəzarət mexanizmləri formalaşdırılmalıdır".
Ayhan
11:13 24.01.2026
Oxunuş sayı: 636