Ceyhun Bayramovun daha çox informasiyası var, lakin ... Mərkəz direktoru
Cənubi Qafqazın gələcək inkişaf xəritəsini müəyyənləşdirən əsas amillərdən biri, şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və dayanıqlı sülhün təmin olunmasıdır. Uzun illər münaqişənin yaratdığı gərginlik, etimadsızlıq və qeyri-sabitlik regionu inkişaf imkanlarından uzaq salmış, siyasi və iqtisadi əlaqələrə ciddi maneələr yaratmışdır. Lakin bu gün tamamilə yeni geosiyasi mənzərə formalaşıb: Azərbaycan və Ermənistan münasibətlərində ən dinc, sabit və qarşılıqlı anlaşmaya əsaslanan tarixi mərhələ yaşanır.
Bu yeni mərhələnin mahiyyəti Vyanada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun çıxışında da öz əksini tapmışdır. Azərbaycan tərəfi qeyd edir ki, sülh prosesi təkcə diplomatik bəyanatlarla məhdudlaşmır, əksinə müxtəlif istiqamətlərdə – hökumətlərarası danışıqlarda, parlament platformalarında və vətəndaş cəmiyyəti müstəvisində konkret addımlarla dəstəklənir. Qısa zamanda əldə edilmiş irəliləyişlər göstərir ki, regionun gələcəyi əməkdaşlıq modelinə əsaslanır.
Azərbaycan tərəfindən Ermənistana malların tranziti üzərində birtərəfli qaydada məhdudiyyətlərin aradan qaldırılması sülhə yönəlmiş xoşməramlı və praqmatik siyasi jest kimi böyük əhəmiyyət daşıyır. Bu addım diplomatik danışıqların real nəticələr verdiyini və iki ölkə rəhbərliyinin sülh iradəsinin iqtisadi və humanitar sahələrdə praktik addımlarla təsdiqləndiyini göstərir. Region üçün yeni münasibət modeli yaradılır: birbaşa dialoq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan konstruktiv əməkdaşlıq.
Bu prosesin mühüm zirvəsi kimi ötən ilin avqustun 8-də Vaşinqtonda keçirilən tarixi sülh sammiti xüsusi qeyd olunmalıdır. ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə təsbit edilən Birgə Bəyannamədə tərəflər münaqişənin artıq geridə qaldığını, ona geri dönüşün yolverilməz olduğunu və gələcək münasibətləri mehriban qonşuluq prinsipləri üzərində quracaqlarını təsdiqləyiblər. Bu, təkcə diplomatik sənəd deyil, regionun təhlükəsizlik arxitekturasında fundamental dönüş nöqtəsidir.
Azərbaycanın təşəbbüskarlıq mövqeyi həm də beynəlxalq təşkilatlarda öz təsdiqini tapır. ATƏT-in hazırkı sədrliyi, Katibliyi və bütün üzv dövlətlər tərəfindən Minsk prosesinin bağlanması istiqamətində qəbul edilən qərar, faktiki olaraq regionda uzun illər davam edən qeyri-müəyyənlik və gərginlik dövrünə son qoyaraq, sülh modelini gündəmin əsas istiqamətinə çevirmişdir. Artıq ATƏT məkanında, əvvəllər qeyri-sabitliklə səciyyələnən bu mühüm coğrafiyada de-fakto sülh mövcuddur.
Bu reallıqlar göstərir ki, Azərbaycan həm siyasi iradə, həm diplomatik çeviklik, həm də regional miqyaslı təşəbbüslər baxımından sülh prosesinin aparıcı tərəfidir. Dövlətimizin məqsədi sülhü deklarativ şəkildə deyil, öz praktiki siyasəti ilə təmin etmək və bu sülh modelinin region üçün uzunmüddətli inkişafın əsasını formalaşdırmasıdır.
İki ölkə arasında əlaqələr və gələcək münasibətlərlə bağlı Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
— Azərbaycan–Ermənistan münasibətlərində hazırkı dinamikanı necə qiymətləndirirsiniz?
— Bu gün Azərbaycan–Ermənistan münasibətlərinin ən sakit, konstruktiv məcraya yönəldiyini müşahidə edirik. Bu proses təkcə diplomatlar və mütəxəssislər səviyyəsində deyil, cəmiyyət tərəfindən də hiss olunur. Azərbaycan ictimaiyyətinin uzun illər ərzində diqqət mərkəzində saxladığı bu məsələ artıq hər bir azərbaycanlının gündəlik maraq dairəsinə daxil olub. Mən Qərbi Azərbaycan icmasının bir üzvü kimi bütün prosesləri diqqətlə izləyirəm və görürəm ki, Ermənistan da münasibətlərin inkişafı istiqamətində real durumun nə olduğunu getdikcə daha aydın dərk edir. Bu, xüsusilə Ermənistan rəhbərliyi və diaspor tərəfindən başa düşülməkdədir. Üstəlik, sıravi insanlar da bundan daha çox xəbərdardırlar. Ermənistanın müstəqillik dövründən bəri əhalinin kütləvi şəkildə ölkəni tərk etməsi əslində cəmiyyətin dövlət siyasətinə bir etiraz formasıdır. Bu etiraz Ermənistanın aqressiv, dar düşüncəli siyasi rəhbərlərini rədd etmək niyyətindədir.
— Sizcə, Ermənistan bu prosesdə hansı nəticələri dərk etməyə başlayıb?
— Ermənistan artıq anlayır ki, regionda sülh istəyən hər kəs, xüsusilə beynəlxalq tərəflər, Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunmasını dəstəkləməli idi. Bu məsələdə Azərbaycan haqlı idi və bu ədalətin bərpa olunması gözlənilən proses idi. Digər tərəfdən, Azərbaycan da öz növbəsində müəyyən güzəştlər edir. Bu güzəştlərin birincisi Ermənistanı bağışlamaq deyil, amma heç olmasa onun öz günahlarını etiraf etməsinə imkan yaratmaqdır. Eyni zamanda, qərbi azərbaycanlıların tarixi yurdlarına qayıdış məsələsində real platforma yaradılması vacibdir. Bu qayıdış hərbi kolonlarla yox, avtomobillərlə, mülki formada həyata keçirilməlidir. Bütün bunlar Ermənistanın səmimiyyətinin göstəricisi olacaq və Azərbaycan cəmiyyətinin də münasibətlərə inamını artıracaq.
— Ermənistan diasporunun davranışı məsələsinə necə yanaşırsınız?
— Ermənistan diasporu uzun illərdir Azərbaycan haqqında yalan və böhtan kampaniyası aparır. Bu təbliğatın regiona heç bir xeyri yoxdur. Əksinə, münaqişələri dərinləşdirib, gərginlik yaradıb. Artıq Azərbaycan erməni yalanlarına cavab vermək üçün ciddi elmi, tarixi və siyasi baza formalaşdırıb. Bir vaxtlar öyrənilməsi belə çətin olan həqiqətlər indi cild-cild kitablar şəklində çap olunur. Azərbaycan ermənilərin mümkün planlarını öncədən bilir və müdafiə mexanizmləri hazırlayır. Ermənistanın cəmiyyət üzrə manipulyasiya imkanları beynəlxalq müstəvidə də məhdudlaşdırılıb. Bu gün Azərbaycanın mövqeyi daha güclüdür və dünya artıq ermənilərin real simasını görür.
— Bu proseslərin gələcək nəticələrinə dair fikriniz nədir?
— Nəticə etibarilə bu proses onu göstərir ki, Azərbaycan həmişə olduğu kimi beynəlxalq hüquq normalarına uyğun, sülh və yanaşı yaşamaq prinsipləri əsasında hərəkət edir. Azərbaycan Ermənistanla normal münasibətlər qurmaqda qərarlıdır və qarşı tərəfi buna sövq edir. Əlbəttə ki, qarşılıqlı addımlar atılması zəruridir. Bu, Ermənistanın iradəsindən asılıdır. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun səsləndirdiyi fikirlər bu siyasətin mahiyyətini əks etdirir və cəmiyyətimiz üçün ümidvericidir. Ceyhun Bayramovun daha çox informasiyası var, lakin onun təqdim etdiyi izahlar, belə artıq hamımızda inam və optimizm yaradır.
Elmir Heydərli
13:00 05.12.2025
Oxunuş sayı: 3483