Nazir: Bakı və Riqa əməkdaşlığın genişləndirilməsinə dair altı sənəd imzalamağı planlaşdırır
Azərbaycan və Latviya yaxın vaxtlarda ikitərəfli əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq altı sənəd imzalamağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Latviya Respublikasının elan edilməsinin 107-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, bu günə qədər iki ölkə arasında hüquqi baza çərçivəsində 47 sənəd imzalanıb:
"Hazırda altı sənəd layihəsi müzakirə mərhələsindədir. Bu sənədlərin yaxın gələcəkdə imzalanması ölkələr arasında əməkdaşlığın daha da inkişafı üçün yeni imkanlar açacaq", – deyə nazir vurğulayıb.
M.Məmmədov qeyd edib ki, Azərbaycan və Latviya arasındakı münasibətlər qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanır:
"Azərbaycan əməkdaşlığın daha da genişlənməsinə böyük önəm verir. Prezident İlham Əliyevin 2017-ci ildə Latviyaya rəsmi səfəri zamanı imzalanmış strateji tərəfdaşlığın qurulmasına dair Birgə Bəyannamə bu istiqamətdə atılacaq addımlar üçün hüquqi baza yaradır. Əminəm ki, həmin Bəyannaməyə əsaslanan praktiki fəaliyyət strateji tərəfdaşlığımızın qurulmasına və daha da möhkəmlənməsinə töhfə verəcək".
Nazirin sözlərinə görə, ölkələr qarşılıqlı ticarət dövriyyəsinin artmasına xüsusi diqqət yetirməlidirlər:
"Azərbaycan və Latviya əlverişli investisiya mühiti yaradıblar. Mövcud potensialı nəzərə alaraq, ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərimizi gücləndirməkdə qərarlıyıq. Hər iki ölkədəki əlverişli investisiya iqlimi sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir. Azərbaycanın Orta Dəhliz kimi böyük nəqliyyat infrastrukturu layihələri Şərq və Qərb arasında mühüm ticarət platformasının yaradılmasına xidmət edir. Əminəm ki, bu layihələr daha səmərəli ticarət əlaqələrinin qurulmasında hər iki ölkəyə fayda verəcək".
M. Məmmədov əlavə edib ki, Azərbaycan Latviya ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişlənməsinə böyük önəm verir: "Müasir texnologiyaların ötürülməsi, insan kapitalının gücləndirilməsi və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsi əməkdaşlığın əsasını təşkil edə bilər".
20:21 20.11.2025
Oxunuş sayı: 965