Pezeşkian hökumətində gərginlik: Birinci vitse-prezident Arif istefa vermək istəyib
İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arifin dünən prezident Məsud Pezeşkiana istefa ərizəsi təqdim etdiyi bildirilir. Məlumatı parlament sədri Məhəmməd Baqir Qalibafın nəzarətində olan “Sobh-e no” qəzeti yayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Arifin bu addımı hökumətdə rolunun məhdudlaşdırılması və mühüm qərarların onunla məsləhətləşilmədən qəbul edilməsinə etirazla əlaqələndirilir. Qəzetin yazdığına görə, prezident Pezeşkian Arifin istefasını qəbul etməyib və onu kabinetdə saxlayıb.
Nəşr əlavə edir ki, Arifin istefa qərarında Prezident Aparatının digər yüksək vəzifəli şəxsləri — icraçı vitse-prezident Məhəmməd Cəfər Qaempənah və Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi ilə yaranmış fikir ayrılıqları da mühüm rol oynayıb. Bu qarşıdurmaların hökumət daxilində koordinasiya və qərar qəbuletmə prosesinə təsir etdiyi bildirilir.
Məlumata görə, Pezeşkian administrasiyasında müşahidə olunan bu fikir ayrılıqları hökumət daxilində komanda birliyi və idarəetmə mexanizmləri ilə bağlı suallar yaradıb. Qəzet iddia edir ki, prezidentin yaxın günlərdə məsələ ilə bağlı yeni addımlar atacağı gözlənilir.
20:14 20.11.2025
Oxunuş sayı: 880