Qarabağda yeni həyat: Böyük Qayıdışın ikinci mərhələsində nələr dəyişəcək?
Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesi çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı davam edir. Rəsmi məlumatlara görə, bölgədə yaşayış məntəqələrinin bərpası, yeni infrastrukturun yaradılması, məşğulluq və sosial xidmətlərin təmin edilməsi istiqamətində işlər həyata keçirilir.
Hazırda 48 şəhər və kənddə insanların məskunlaşması Böyük Qayıdışın miqyasını göstərən əsas göstəricilərdən biridir. Prezident İlham Əliyev də sentyabrın 15-də bildirib ki, həmin yaşayış məntəqələrində artıq 90 mindən çox insan yaşayır. Dövlət proqramının əsas istiqamətlərindən biri isə azad edilmiş ərazilərdə həyatın və iqtisadi fəaliyyətin bərpası ilə yanaşı, əhalinin mərhələli şəkildə doğma yurdlarına qaytarılmasıdır.
Milli Məclisin deputatı Tural Gəncəliyev Crossmedia.az-a açıqlamasında bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində məskunlaşma prosesi davam edir. Onun sözlərinə görə, hazırda 48 şəhər və kəndə 90 mindən çox insan köçürülüb. Gəncəliyev qeyd edib ki, proqramın 2022-2026-cı illəri əhatə edən birinci mərhələsində əsas diqqət infrastrukturun, yolların, yaşayış məntəqələrinin və şəhərlərin bərpasına yönəldilib.
Deputat bildirib ki, 2026-cı ildən başlayan və 2040-cı ilə qədər davam edəcək ikinci mərhələdə əsas diqqət insanların geri qayıdışının sürətləndirilməsinə yönələcək: “İndiyə qədər şəhərlər, kəndlər bərpa olunur, infrastruktur xətləri, yollar, tunellər və binalar tikilirdi. İkinci mərhələdə isə əsasən vətəndaşların geri qayıtması sürətlənəcək və rəqəmlər artacaq”.

Tural Gəncəliyev vurğulayıb ki, proses yalnız insanların ərazilərə köçürülməsi ilə məhdudlaşmamalı, onların orada işlə təmin olunması və sosial məsələlərinin həlli də nəzərə alınmalıdır. “Təbii ki, bir də ləyaqətli geri qayıdışdan söhbət gedir. Vətəndaşlar ora qayıdanda gərək iş tapsınlar, işlə təmin olunsunlar və sosial məsələlərdən tutmuş hamısı həll olunsun. Ona görə də bu prosesin məhz bu ildən başlayaraq intensivləşəcəyi, sürətlənəcəyi ehtimal olunur”.
O, Qarabağ və Şərqi Zəngəzurun müxtəlif şəhərlərinin öz coğrafi və iqtisadi xüsusiyyətlərinə uyğun inkişaf etdirildiyini bildirib. Gəncəliyevin sözlərinə görə, Şuşa əsasən mədəniyyət mərkəzi kimi, Xankəndi urban mərkəz və diplomatik-siyasi görüşlərin keçirildiyi şəhər kimi, Ağdam isə sənaye zonası və istehsal mərkəzi kimi prioritetləşdirilib. Füzuli, Cəbrayıl və Zəngilanın isə alternativ enerji, kənd təsərrüfatı və aqrar zonaların inkişafına fokuslanan ərazilər kimi formalaşdırılması nəzərdə tutulur.
Deputat Qarabağın alternativ enerji potensialının da yüksək olduğunu qeyd edib: “Bəzi hesablamalara görə, 100 giqavata qədər külək və günəş enerjisindən resurs əldə etmək mümkün olacaq. Görülən işlərin 2030-cu ilə qədər sürətli şəkildə davam etməsi, 2040-cı ilə qədər isə prosesin tamamlanması ehtimal edilə bilər”.
Politoloq Sahil Kərimli Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinin ölkənin imkanları hesabına reallaşdırıldığını bildirib: “Azərbaycan erməni işğalında saxlanılan və tamamilə dağıdılmış, yerlə-yeksan olunmuş ərazilərimizdə sıfırdan və çox böyük, nəhəng layihələr həyata keçirir. Bu layihələrin həyata keçirilməsi Azərbaycan dövlətinin siyasi və iqtisadi imkanları hesabına reallaşdırılır. Müharibə bitdikdən dərhal sonra ölkə rəhbərliyinin ortaya qoyduğu qətiyyətli siyasi iradə nəticəsində quruculuq və yenidənqurma işləri həyata keçirildi”.
O qeyd edib ki, infrastruktur və sosial layihələrin həyata keçirilməsi Böyük Qayıdış prosesinə təkan verib: “Bununla paralel olaraq böyük infrastruktur layihələri, istehsal müəssisələri, iş yerləri, sosial obyektlərin tikintisi, kənd, qəsəbə və şəhərlərdə müasir şəraitə malik yaşayış binalarının inşa edilməsi Böyük Qayıdış prosesinə təkan verdi. Artıq son illərdə Böyük Qayıdış prosesi başlayıb və keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına, tarixi torpaqlarına qayıdıblar və burada məskunlaşırlar. Yeni həyat başlayır və Qarabağla Şərqi Zəngəzura tamamilə yeni reallıqlar gəlib”.

Politoloq qeyd edib ki, bölgədə aparılan proseslər beynəlxalq ictimaiyyətin də diqqətindədir: “Son günlər Azərbaycanda fəaliyyət göstərən diplomatların və beynəlxalq qurumların nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfər edərək burada həyata keçirilən işlərlə tanış olması bu baxımdan diqqət çəkir. Azərbaycanın həyata keçirdiyi bu proses beynəlxalq ictimaiyyətin də diqqət mərkəzindədir. Diplomatlar və bir çox beynəlxalq qurumların nümayəndələri bu ərazilərdə həyata keçirilən abadlıq, bərpa, yenidənqurma prosesi, eyni zamanda Böyük Qayıdış prosesi ilə yaxından tanış olublar. Həmçinin tarixi yerlərlə, tarixi abidələrlə, istehsalat prosesi və bu ərazilərdə həyata keçirilən iqtisadi şaxələndirmə ilə tanış olublar”.
Politoloq hesab edir ki, bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzuna da təsir göstərir: “Bütün bu proseslər Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da gücləndirir. Biz bir daha dünyaya sübut etmiş oluruq ki, öz tarixi ata-baba yurdlarımıza, tarixi ərazilərimizə sahib çıxırıq. Amma bu gün biz artıq tamamilə yeni bir mərhələyə qədəm qoymuşuq. Bu torpaqların bərpası və paralel olaraq Böyük Qayıdış prosesidir”.
Nigar Xəlilli
19:45 16.09.2026
Oxunuş sayı: 63