Mütəxəssislər: Urmiya gölü tarixinin ən kritik mərhələsindədir
Mütəxəssislər bildirirlər ki, payız mövsümünün başlamasından iki aydan çox vaxt keçməsinə baxmayaraq, Urmiya gölünün əsas hissəsi tamamilə quru vəziyyətdə qalır və bu, gölün son onilliklərdə qarşılaşdığı ən ağır ekoloji mərhələ kimi qiymətləndirilir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yayımlanan görüntülər bir vaxtlar dünyanın ən böyük duzlu göllərindən biri olan Urmu gölünün geniş duz təbəqəsi ilə örtülmüş yatağında köçəri quşların məskən saldığını göstərir. Mütəxəssislərin sözlərinə görə, rekord dərəcədə az yağıntı, su hövzələrində çoxsaylı bəndlərin inşası, yeraltı suların həddindən artıq istismarı və uzun illərin yanlış idarəetməsi gölün həcmini minimum səviyyəyə endirib.
Ekoloji fəallar vəziyyətə toxunaraq bildiriblər ki, proses dəyişməzsə, bölgədə duz qasırğalarının artması, kənd təsərrüfatı sahələrinin yararsız hala düşməsi və yerli əhalinin məcburi şəkildə köç etməsi kimi ciddi sosial və ekoloji nəticələr qaçılmaz olacaq. Onlar həmçinin vəziyyətin region üçün potensial humanitar risk yaratdığını vurğulayıblar.
Mütəxəssislər əlavə edirlər ki, hökumətin su idarəçiliyi ilə bağlı strategiyanın yenilənməsinə və ekosistemin bərpasına yönəlik real addımlar atmasına ehtiyac var. Onların sözlərinə görə, “Urmu gölü kritik nöqtədədir və indi atılacaq addımlar gölün taleyini müəyyən edəcək".
20:11 20.11.2025
Oxunuş sayı: 896