Azərbaycan İsraillə biznes tərəfdaşlığını möhkəmləndirilməsinə dair ortaq hədəfləri açıqlayıb- Yenilənib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
İclasda iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan İsraillə əməkdaşlığı strateji baxımdan mühüm hesab edir və əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. İqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrimiz son üç onillikdə dinamik inkişaf edib.
Qeyd olunub ki, Birgə Komissiya əməkdaşlığı daha da dərinləşdirmək üçün mühüm platformadır. İsraillə iqtisadi-ticarət əlaqələri də genişlənir. Ölkələr arasında səmərəli investisiya tərəfdaşlığı mövcuddur. Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə 125 İsrail kapitallı kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycan və İsrail şirkətləri maliyyə və qida texnologiyaları, kənd təsərrüfatı və səhiyyə sahələrində fəal işbirliyi həyata keçirir ki, bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və texnoloji inkişafı baxımından əhəmiyyətlidir. Kənd təsərrüfatı, qida, su və enerji texnologiyaları, dərman sənayesi, biotexnologiya və digər sahələrdə fəaliyyətin genişləndirilməsi üçün böyük potensial mövcuddur.
İqtisadiyyat naziri Azərbaycanda sərmayədarlar üçün yaradılan imkanlar, birbaşa xarici investisiyaların cəlbi istiqamətində görülən işlər və əldə edilən nəticələr barədə məlumat verib.
İsrailin Maliyyə Nazirliyində nazir, Birgə Komissiyanın həmsədri Zeev Elkin iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsi, yeni sahələrdə fəaliyyət imkanlarının araşdırılması baxımından tədbirin önəmini vurğulayıb. Qeyd olunub ki, Birgə Komissiya çərçivəsində müzakirələr müxtəlif sahələrdə qarşılıqlı faydalı nəticələr əldə olunmasında əhəmiyyət kəsb edir.
İclasda ikitərəfli əlaqələr, enerji, ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə işbirliyinə dair müzakirələr aparılıb.
Yekunda Azərbaycan və İsrail hökumətləri arasında Birgə Komissiyanın Dördüncü İclasının Protokolu imzalanıb.
19:51
İsrail Dövlətinə işgüzar səfər çərçivəsində Azərbaycan-İsrail Birgə Komissiyasının 4-cü iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin təşviqini vurğulayaraq ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, rəqəmsallaşma, turizm və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsi imkanlarını müzakirə dəyərləndirdik. Bu addımlar iqtisadi əməkdaşlığın şaxələndirilməsinə və biznes tərəfdaşlığımızın möhkəmləndirilməsinə dair ortaq hədəflərimizi əks etdirir", - nazir qeyd edib.


21:20 20.11.2025
Oxunuş sayı: 1094