Paşinyan: Yeni Konstitusiya qəbul edilməsə, istefa verəcəyəm
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın referendumda qəbul edilməyəcəyi təqdirdə istefa verəcəyini, qəbul olunacağı halda isə növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki, Ermənistanın İctimai Radiosu bu barədə məlumat yayıb.
Paşinyan noyabrın 23-də yeni Konstitusiya layihəsinin dərc olunması münasibətilə xalqa müraciətində sənədin qəbulunun Azərbaycanla sülh prosesinə təsirindən danışıb.
“Əziz xalqım, bəyan edirəm ki, yeni Konstitusiya qəbul edildikdən sonra biz nəinki sülh sazişini imzalayacağıq, həm də möhkəm və dönməz sülhə nail olacağıq”, – deyə o bildirib.
Baş nazir Qarabağ münaqişəsinin Ermənistanı dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qoyduğunu iddia edib.
“Lakin bu gün həlak olmuş qəhrəmanlarımızın fədakarlıqları, sizin çəkdiyiniz əzab və məhrumiyyətlər hesabına elə bir mərhələyə çatmışıq ki, həm sülhə, həm də dövlətə sahib olmaq imkanımız var”, – deyə Paşinyan vurğulayıb.
O, siyasi gələcəyini yeni Konstitusiya ilə bağlı referendumun nəticələrindən asılı etdiyini açıqlayıb.
“Əgər yeni Konstitusiya qəbul edilməsə, istefa verib gedəcəyəm. Xalq onun lehinə səs verərsə, növbəti seçkilərdə Baş nazir vəzifəsinə namizədliyimi bir daha irəli sürməyəcəyəm”, – deyə Ermənistan hökumətinin başçısı bildirib.
Paşinyan müraciətini bu sözlərlə yekunlaşdırıb:
“Əziz xalqım, biz vəd etdiyimiz gələcəyə gəlib çatmışıq. İndi yalnız əlimizi uzadıb onu əldə etməyimiz qalır”.
13:15 23.11.2026
Oxunuş sayı: 41