BEYT-DIN: Yəhudilikdə dini məhkəmə və mübahisələrin həlli institutu
Beyt-Din (Bet Din), yəhudi “ravvin məhkəməsi” ənənəvi yəhudi hüquq sisteminin əsas institutlarından biridir. Bu qurum yəhudi icması daxilində yaranan mübahisələrin həlli, yəhudi dini qanunlarının şərhi və dini normalara riayət olunmasının təmin edilməsi ilə məşğul olur.
Beyt-Din, adətən, yəhudi qanunlarını və dini ənənələri dərindən bilən, icma daxilində nüfuz və hörmət qazanan üç səlahiyyətli şəxsdən (din xadimindən) ibarət olur. Onlar dini hüquq sahəsində bilik və təcrübələrinə əsaslanaraq müxtəlif mübahisələri araşdırır və müvafiq qərarlar qəbul edirlər.
Beyt-Din məhkəmələri həm İsraildə, həm də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərir. Bu məhkəmələr, bir qayda olaraq, arbitraj funksiyasını yerinə yetirirlər. Müəyyən hüquqi şərtlər daxilində onların arbitraj qərarları bir sıra ölkələrin qanunvericiliyi tərəfindən tanınır və hüquqi qüvvəyə malik ola bilir.
Dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilər mülki xarakterli bəzi mübahisələrin həlli üçün dövlət məhkəmələrinə deyil, məhz Beyt-Din məhkəmələrinə müraciət etməyə üstünlük verirlər. Beyt-Dinin səlahiyyətləri yalnız yəhudiliyin dini qanunlarına riayət olunması ilə bağlı məsələlərlə məhdudlaşmır. Bu məhkəmələr kommersiya mübahisələri, boşanma, mülkiyyət hüquqları ilə bağlı mübahisələr və digər məsələlərə də baxa bilirlər.
Ravvin məhkəməsinin özünəməxsus xüsusiyyətlərindən biri onun tərəflər arasında barışığın əldə olunmasına və mübahisələrin sülh yolu ilə həllinə üstünlük verməsidir. Beyt-Din mübahisə edən tərəfləri qarşılıqlı razılığa gəlməyə təşviq edir və bir çox hallarda vasitəçilik və arbitraj kimi alternativ mübahisə həlli üsullarından istifadə edir. Bu yanaşmanın əsasında belə bir prinsip dayanır: mübahisələr tərəflər arasında mövcud münasibətləri qorumaqla, düşmənçilik və qarşıdurma yaratmadan həll edilməlidir.
Beləliklə, Beyt-Din yəhudi hüququnun və dini ənənələrinin mühüm institutlarından biridir. Onun mübahisələrin həllində, dini normaların qorunmasında və icma daxilində münasibətlərin tənzimlənməsində oynadığı rol yəhudi icmasının birliyinin və həmrəyliyinin möhkəmlənməsinə xidmət edir.
Barışdırıcı yanaşmaya və mübahisələrin alternativ həlli üsullarına üstünlük verməsi isə Beyt-Dinin daha dinc, qarşılıqlı anlaşmaya və əməkdaşlığa əsaslanan ictimai münasibətlərin formalaşmasına töhfə verməsini təmin edir.

Beyt-Din
İsrail dövlətinin yaradılmasından sonra meydana gəlmiş məhkəmə deyil. Onun
tarixi kökləri qədim yəhudi dini-hüquqi ənənələrinə, Tövrat dövrünə və sonrakı
ravvin hüququnun formalaşmasına gedib çıxır.
Beyt-Dinin dəqiq yaranma tarixini müəyyən etmək mümkün
deyil. Çünki bu institut tədricən formalaşmış dini-hüquqi ənənənin nəticəsidir.
Onun inkişafında üç tarixi mərhələnin oldugu hesab edilir. E.ə. XIII–XII əsrlər (ənənəvi dini
tarixləndirmə): Yəhudi dini ənənəsində məhkəmə hakimiyyətinin ilkin təşkili
Musa peyğəmbərin dövrü ilə əlaqələndirilir. Tövratın Çıxış kitabında Musa
peyğəmbərə hakimlər təyin edilməsi tövsiyə olunur. E.ə. VI–I əsrlər:
İkinci Məbəd dövründə dini-hüquqi idarəçilik və hakimlər şurası inkişaf edir.
Qüdsdə fəaliyyət göstərən Ali Məhkəmə – Sinedrion (Sanhedrin) bu ənənənin mühüm
institutu olur. I–VI əsrlər: Ravvin hüququnun inkişafı, Mişna və Talmud
ənənələrinin formalaşması ilə Beyt-Dinin hüquqi və təşkilati prinsipləri daha da
sistemli xarakter alır. Beləliklə, Beyt-Dinin kökləri təxminən üç
minillik tarixə gedib çıxır. Lakin bugünkü ravvin məhkəmələri ilə qədim
Sinedrionu eyniləşdirmək olmaz.
1921-ci
ildə Britaniya Fələstini dövründə yəhudi Ravvin Şurası və onun təsdiq etdiyi
Beyt-Dinlər dövlət tərəfindən tanındı. 10 avqust 1922-ci ildə Fələstinin
İdarəçilik haqqında Şurası (Palestine Order-in-Council) dini məhkəmələrin
hüquqi səlahiyyətlərini müəyyən etdi.1948-ci ildə İsrail dövləti yarandı və
mövcud hüquqi institutlar yeni dövlətin hüquq sistemində davam etdirildi.
1953-cü ildə İsrail Knesseti Ravvin Məhkəmələrinin Yurisdiksiyası haqqında
Qanunu qəbul etdi.1955-ci ildə Hakim ravvinlərin (dayanim) statusunu və
fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul edildi.
1921-ci
ildə Britaniya administrasiyasının yəhudi dini məhkəmələrini tanıması haqqında
tarixi sənədlər mövcuddur. Əsas tarix 26
avqust 1953-cü ildir. Həmin gün qəbul edilmiş qanun İsraildə yəhudilərin nikah
və boşanma məsələlərini ravvin məhkəmələrinin müstəsna yurisdiksiyasına verdi.
Qanunun 1-ci maddəsi bu səlahiyyəti, 2-ci maddəsi isə nikah və boşanmanın
yəhudi dini hüququna uyğun həyata keçirilməsini təsbit edir.
İsraildə
bütün Beyt-Dinlər dövlət məhkəməsi statusuna malik deyil. Burada iki institutu biri-birindən
ayırmaq lazımdır. Dövlət ravvin məhkəmələri və Müstəqil Beyt-Dinlər. Onların
qərarları avtomatik olaraq dövlət məhkəmələrinin qərarları ilə eyni hüquqi
qüvvəyə malik deyil. Mülki mübahisələrdə arbitraj qərarlarının tanınması və
icrası müvafiq qanuni şərtlərdən, o cümlədən tərəflərin razılığından asılıdır.
Beyt-Dinin
qədim dövrdə mövcudluğu ilə onun Avropa və Rusiya imperiyası kimi dövlətlərin
ərazisində hüquqi fəaliyyət göstərməsi eyni məsələ deyil. Birincisi dini-hüquqi
ənənənin davamlılığı, ikincisi isə yaşanılan dövlətin yəhudi icmasına verdiyi
hüquqi muxtariyyətlə bağlıdır. Yəhudilərin mühacirəti Beyt-Din institutunun
fəaliyyətini dayandırmadı. Onun legitimliyi dövlət suverenliyindən deyil,
yəhudi dini hüququndan, ravvin nüfuzundan və icma üzvlərinin həmin qərarları
qəbul etməsindən qaynaqlanırdı. Lakin bu legitimlik hər ölkədə dövlət
tərəfindən tanınan məhkəmə hakimiyyəti demək deyildi.
Beyt-Dinin
legitimliyi üç əsas dayağa söykənirdi:
Birinci
– dini-hüquqi legitimlik. Yəhudilikdə hüquq
yalnız dövlətin qəbul etdiyi qanunlar toplusu hesab olunmur. “Halaxa” dini
həyatın, ailə münasibətlərinin, mülkiyyətin, müqavilələrin, vərəsəliyin və
ictimai davranışın normalarını müəyyənləşdirirdi. Ravvinlər həmin normaları
şərh etmək və konkret mübahisələrə tətbiq etmək səlahiyyətinə malik idilər.
İkinci
– ravvinlərin elmi və dini nüfuzu.
Beyt-Din hakimləri (dayanim) dövlət məmurları deyil, dini-hüquqi biliklərinə və
icma daxilində nüfuzlarına görə tanınan şəxslər idi. Burada maraqlı bir tarixi
məqam var: klassik yəhudi hüququnda hakimlərə səlahiyyət verilməsi ənənəsi –
Semixah – təxminən IV əsrin ortalarında əvvəlki formasında fəaliyyətini
dayandırdı. Sonrakı dövrdə ravvin məhkəmələrinin səlahiyyəti klassik
dini-hüquqi ənənədə əvvəlki hakimiyyətin davamı və nümayəndəliyi kimi
əsaslandırıldı.
Üçüncü
– icma muxtariyyəti. Yəhudi icmaları
yaşadıqları ölkələrdə öz daxili təşkilati strukturlarını, dini rəhbərliklərini
və müəyyən hallarda məhkəmə sistemlərini qoruyub saxlayırdılar.
Beyt-Dinin
qərarlarına əməl olunması yalnız dini inamla təmin edilmirdi. İcma üzvləri üçün
mühüm sosial nəticələr də mövcud idi: İcma daxilində nüfuzun itirilməsi; Dini
mərasimlərdə iştirak imkanlarının məhdudlaşdırılması; İcma rəhbərliyində vəzifə
tutmaq hüququnun itirilməsi; Müəyyən hallarda dini təcrid və Herem (icmadan
kənarlaşdırma). Deməli, dövlətin polis və həbs mexanizmləri olmadan da icma öz
daxili hüquq normalarının icrasını müəyyən dərəcədə təmin edə bilirdi.
Hətta
orta əsrlərdə Avropanın bir sıra ərazilərində yəhudi icmalarının kifayət qədər
geniş məhkəmə muxtariyyəti mövcud idi. Lakin bunun hüquqi əsası hər ölkədə eyni
deyildi. Bəzi yerlərdə hökmdarın xüsusi imtiyazı, digərlərində şəhər hüququ,
icma nizamnaməsi və ya yerli hakimiyyətin tanıması əsas rol oynayırdı.
Bu
baxımdan Polşa-Litva nümunəsi xüsusilə maraqlıdır. Burada yəhudi icmalarının
özünüidarəetmə sistemi “Kahal” inkişaf etmişdi. Beyt-Din həmin sistemin məhkəmə
orqanı kimi fəaliyyət göstərirdi. Bəzi dövrlərdə onun səlahiyyətləri yalnız
dini məsələlərlə məhdudlaşmır, mülki və kommersiya mübahisələrini də əhatə
edirdi.
Beyt-Din
yəhudilərin öz aralarındakı mübahisələrə baxa bilərdi. Yəhudi olmayan şəxslərə
münasibətdə dövlətin ümumi məhkəmə yurisdiksiyası qüvvədə qalırdı. Cinayət və
ölüm hökmü kimi dövlət suverenliyinə aid məsələlər də, bir qayda olaraq, dövlət
hakimiyyətinin səlahiyyətində idi.
Rusiya
imperiyasının tərkibindəki yəhudi icmalarında “Kahal sistemi” fəaliyyət
göstərirdi. Kahal icmanın inzibati, maliyyə və müəyyən məhkəmə funksiyalarını
yerinə yetirirdi. Beyt-Din isə dini hüquq normalarına əsaslanan mübahisələrin
həllində mühüm rol oynayırdı. Maraqlı fakt budur ki, bəzi hallarda Beyt-Din
icmanın özünün, hətta Kahal rəhbərliyinin fəaliyyətindən doğan mübahisələrə də
baxa bilirdi. Rusiya imperiyasında yəhudi icmalarının ənənəvi özünüidarəetmə
sistemi ciddi dəyişikliklə üzləşdi. 1844-cü ildə Kahal institutu rəsmi olaraq
ləğv edildi. Bu, Beyt-Dinin tamamilə qadağan edilməsi demək deyildi. Lakin onun
əvvəlki inzibati və məhkəmə hakimiyyəti xeyli zəiflədi.
XIX əsrin ikinci yarısından etibarən ravvin məhkəmələri əsasən dini, nikah, boşanma və icma münasibətləri ilə əlaqəli məsələlərdə fəaliyyətlərini davam etdirdilər. Mülki və cinayət hüququ üzrə dövlət məhkəmələrinin səlahiyyəti üstünlük təşkil edirdi.

Dini
məhkəmənin mövcudluğu dövlət daxilində ikinci, tam müstəqil hüquq sisteminin
mövcudluğu demək deyildi. Dini məhkəmələr dövlət suverenliyi çərçivəsində
fəaliyyət göstərirdilər. Onların səlahiyyətləri, qərarlarının tanınması və
icrası dövlətin hüquqi qaydaları ilə məhdudlaşırdı.
Osmanlı
imperiyasında hüquqi münasibətlər bugünkü dövlətlərdəki kimi vahid məhkəmə
iyerarxiyası şəklində qurulmamışdı. Bir neçə hüquqi institut paralel fəaliyyət
göstərirdi: Şəriət məhkəmələri (Qazi məhkəmələri) imperiyanın əsas məhkəmə
sistemi idi. Nizamiye məhkəmələri XIX əsrdə islahatlar nəticəsində yaradılan
dünyəvi dövlət məhkəmələri idi. Xristian kilsə məhkəmələri müəyyən dini və
şəxsi status məsələlərinə baxırdılar. Yəhudi Beyt-Dinləri yəhudi dini hüququ əsasında
icma daxilində mübahisələri həll edirdilər.
Bu
məhkəmələr arasında səlahiyyət bölgüsü zamanla dəyişirdi. Osmanlı dövlətinin əsas məhkəmə sistemi qazi
məhkəmələri olsa da, bütün mübahisələrin mütləq həmin məhkəmələrdə həll
edilməsi tələb olunmurdu.
XVI əsrdə Qüdsdə yəhudilərin vərəsəlik mübahisəsi Osmanlı
dövrünün maraqlı səhnələridir. XVI
əsrin ortalarında Qüdsdə yəhudi icmasının rəhbərləri Osmanlı hakimiyyətinə
şikayət edirdilər. Səbəb bəzi qazi məhkəmələrinin vəfat etmiş yəhudilərin
əmlakının bölüşdürülməsində İslam hüququ normalarını tətbiq etməsi idi. Yəhudi
icması öz dini hüququnun tətbiq olunmasını istəyirdi. Bu məsələ Osmanlı
şeyxülislamı Əbusuud Əfəndiyə (1490–1574) qədər gedib çatdı.
Əbusuud
Əfəndinin mövqeyi belə oldu: yəhudilər öz dini hüquqlarına uyğun
davranmalıdırlar və yalnız özləri açıq şəkildə şəriət hüququnun tətbiqini
istədikdə həmin hüquq tətbiq oluna bilərdi. Nəticədə Qüds qazisinə
bildirilmişdi ki, yəhudi şəxs miras məsələsində öz dini hüququna əməl
etməlidir, ancaq şəriət qaydalarının tətbiqini özü tələb edərsə, bu seçimə
imkan verilməlidir.
Bu
hadisə göstərir ki, Osmanlı hüquq sistemində dini hüquqla dövlət hüququ
arasındakı münasibətlər yalnız qarşıdurma üzərində qurulmamışdı. Bəzi hallarda
dövlət dini hüququn tətbiqinə şərait yaradır, bəzi hallarda isə öz
yurisdiksiyasını üstün tuturdu.
Tənzimat
islahatları (1839–1876) Osmanlı dövlətində hüquqi mərkəzləşmə prosesini
sürətləndirdi. 1847–1848-ci illərdə qarışıq cinayət və ticarət məhkəmələri
yaradıldı. 1869-cu ildən başlayaraq dünyəvi məhkəmə sisteminin institusional
qurulması genişləndi, 1871-ci ildən isə Nizamiye məhkəmələri fəaliyyət
göstərdi. Bu islahatlar nəticəsində dini məhkəmələrin səlahiyyət dairəsi daha
konkret sahələrlə məhdudlaşdırılmağa başladı.
1856-cı
il fərmanından sonra qeyri-müsəlman icmalarının bəzi şəxsi status məsələlərində
yurisdiksiyası gücləndirilsə də, yeni dünyəvi dövlət institutları onların digər
hüquqi səlahiyyətlərini daraldırdı. Beləliklə, paradoksal vəziyyət yaranmışdı. Dini
icmaların bəzi sahələrdə məhkəmə muxtariyyəti güclənir, digər sahələrdə isə
dövlətin mərkəzləşdirilmiş hüquq sistemi genişlənirdi.
“Halaxa”(nalakha)
yəhudiliyin dini-hüquqi normalarının, qaydalarının və prinsiplərinin
məcmusudur. Azərbaycan dilində onu şərti olaraq yəhudi dini hüququ adlandırmaq da
olar. Sözün mənşəyi ivrit dilindəki halakh «getmək», «yol ilə hərəkət etmək»
felindən gəlir. Yəni Halaxa məcazi mənada «həyat yolu», «necə yaşamalı»
deməkdir. Onun hüquqi-normativ sistemi bir neçə əsas mənbədən
formalaşıb: Tövrat, yəhudiliyin əsas müqəddəs mətni və dini qanunların ilkin
mənbəyi. Mişna, dini qanunların və şifahi ənənələrin sistemləşdirilmiş toplusu
(təxminən II əsr). Talmud, Mişnanın şərhləri, ravvin müzakirələri və hüquqi
mülahizələr toplusu. Ravvin qərarları, müxtəlif dövrlərdə nüfuzlu ravvinlərin
verdiyi hüquqi şərhlər və hökmlər. Şulxan Arux, XVI əsrdə Yosef Karo tərəfindən
sistemləşdirilmiş yəhudi dini hüququnun mühüm məcəlləsi.
Halaxa
yahudilikdə bir sıra məsələləri tənzimləyir.
Məsələn, Nikah, boşanma, ailə münasibətləri, Əmlak, mülkiyyət, vərəsəlik, Borc,
alqı-satqı, öhdəliklər, Şənbə günü, ibadət, qida qaydaları, Ədalət, məsuliyyət,
qarşılıqlı münasibətlər, Hakimlərin səlahiyyətləri, sübutlar, mübahisələrin
həlli.
Beyt-Dinlə Halaxanın əlaqəsi məsələsində onların fərqini bilmək vacibdir. Halaxa hüquq
normaları və prinsipləri sistemidir. Beyt-Din həmin normaları konkret mübahisələrə tətbiq
edən dini məhkəmə institutudur. “Dayan” Beyt-Dində hakimlik edən
şəxsdir. “Ravvin” yəhudi dini hüququnu və ənənələrini bilən dini rəhbər
və müəllimdir. Beləliklə, Halaxa Beyt-Dinin normativ-hüquqi əsasını
təşkil edir.
Halaxanın mahiyyətini daha yaxşı anlamaq üçün onu İslam hüququndakı Şəriət hüququ ilə müqayisə etmək olar. Hər ikisi dini mənbələrdən qaynaqlanır, ailə, mülkiyyət, müqavilə, vərəsəlik və ictimai münasibətləri tənzimləyir. Lakin onların mənbələri, hüquqi metodologiyası və institusional inkişafı fərqlidir. Halaxa yəhudi xalqının dövlətçiliyini itirdiyi və müxtəlif ölkələrdə diasporada yaşadığı dövrlərdə hüquqi-mədəni identikliyini qoruyan əsas normativ sistemlərdən biri olmuşdur. Beyt-Din isə bu sistemin institusional davamlılığını təmin edən mexanizmlərdən biri idi.
11:00 23.11.2026
Oxunuş sayı: 48