Alimlər peyvəndlərin autizm yaratması ilə bağlı iddialara aydınlıq gətiriblər
Peyvəndlərin uşaqlarda autizmə səbəb olması barədə iddiaları təsdiqləyən etibarlı elmi sübut yoxdur.
Crossmedia.az xəbər verir ki, Rusiyanın Piroqov Universitetinin infeksion xəstəliklər və epidemiologiya kafedrasının professoru, tibb elmləri doktoru Murad Şahmərdanov bu barədə açıqlama verib.
Mütəxəssis bildirib ki, autizm spektr pozuntusunun ilkin əlamətləri çox vaxt uşaqlarda 12–18 aylıq dövrdə nəzərə çarpır. Bu dövr uşaqlara bir sıra planlı peyvəndlərin vurulduğu vaxta təsadüf edir.
Lakin onun sözlərinə görə, iki hadisənin eyni vaxtda baş verməsi onların arasında səbəb-nəticə əlaqəsinin olması demək deyil.
“Bu günədək qızılca, məxmərək və epidemik parotitə qarşı kombinə edilmiş peyvəndin autizmin inkişafına səbəb olduğunu təsdiqləyən etibarlı elmi məlumat yoxdur”, – deyə Şahmərdanov vurğulayıb.
Professor qeyd edib ki, peyvəndlərlə autizm arasında əlaqə olduğu barədə yanlış təsəvvür vaxtilə dərc edilmiş bir elmi məqalədən qaynaqlanır.
Həmin məqalə sonradan ciddi elmi pozuntular və məlumatların etibarsızlığı səbəbindən geri götürülüb.
Mütəxəssislər bildirirlər ki, peyvəndlərdən imtina uşaqları qızılca, məxmərək və epidemik parotit kimi yoluxucu xəstəliklərə qarşı müdafiəsiz qoya bilər.
Qeyd edək ki, genişmiqyaslı elmi araşdırmalar da uşaqlıq peyvəndləri ilə autizm arasında səbəb-nəticə əlaqəsinin olmadığını göstərir.
12:02 23.11.2026
Oxunuş sayı: 47