Almaniyadan 2,6 milyon insanın deportasiyası tələb olunur
Almaniyanın sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Tino Xrupalla ölkədə yaşayan 2,6 milyona qədər əcnəbinin, o cümlədən ukraynalı, suriyalı və əfqanıstanlıların geri göndərilməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, Almaniyanın “Bild” nəşri bu barədə məlumat yayıb.
Xrupalla nəşrin “Unter Zwei” podkastına müsahibəsində bildirib ki, ölkəni tərk etmək öhdəliyi olan şəxslər və cinayət törətmiş əcnəbilərlə yanaşı, müdafiə statusu üçün əsasları aradan qalxan qaçqınlar da öz ölkələrinə qayıtmalıdırlar.
Onun sözlərinə görə, Ukraynada müharibə başa çatdıqdan, Suriya və Əfqanıstanda təhlükəsizlik vəziyyəti yaxşılaşdıqdan sonra həmin ölkələrin vətəndaşlarının Almaniyada qalmasına əsas verən səbəblər yenidən qiymətləndirilməlidir.
AfD həmsədri bu kateqoriyaya aid şəxslərin sayının 2,6 milyona çata biləcəyini iddia edib.
Lakin siyasətçinin açıqlaması Almaniyada müzakirələrə səbəb olub.
Konstanz Universitetinin miqrasiya hüququ üzrə eksperti Daniel Tüm bildirib ki, milyonlarla insanın qısa müddətdə və kütləvi şəkildə deportasiya edilməsi hüquqi baxımdan mümkün deyil.
Ekspertin sözlərinə görə, hər bir şəxsin müdafiə statusuna fərdi qaydada baxılmalıdır və mənşə ölkəsində vəziyyətin yaxşılaşması avtomatik deportasiya üçün əsas yaratmır.
Qeyd edək ki, Xrupallanın təklifi Almaniya hökumətinin rəsmi qərarı deyil.
14:32 23.11.2026
Oxunuş sayı: 48