Zelenski hakimiyyətdə olduğu müddətcə münaqişənin həlli mümkün deyil – Açıqlama
ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsinin dayandırılması ilə bağlı yeni "sülh planı" müzakirə olunmağa başlayıb. İddialara görə, plan Donbasda silahsızlaşdırılmış zona yaradılması, bəzi cənub ərazilərinin Rusiyaya verilməsi və rus dilinə dövlət dili statusu verilməsi nəzərdə tutur. Bu müddəaların həyata keçirilmə ehtimalı və Ukraynanın gələcək suverenliyinə təsiri ciddi suallar doğurur.
Məsələ ilə bağlı politoloq Azad Məsiyev Crossmedia.az-a geniş açıqlama verib. Onun sözlərinə görə, Rusiya–Ukrayna müharibəsi ABŞ-nin uzunmüddətli strateji planının tərkib hissəsidir və rəsmi Vaşinqton bu münaqişədə neytral vasitəçi deyil, birbaşa tərəf kimi çıxış edir.

"Rusiya–Ukrayna münaqişəsi ABŞ tərəfindən planlaşdırılıb və Rusiya bu prosesə təhrik olunub. Trampın “bu müharibə Baydenin müharibəsidir” sözləri də göstərir ki, ABŞ daxilində belə bu prosesin ideoloji arxitekturası etiraf olunur. Strategiya dəyişməzdir – prezidentin kim olmasından asılı olmayaraq ABŞ mövcud kursu saxlayacaq”, – deyə politoloq bildirib.
A. Məsiyevin fikrincə, müharibənin gedişi artıq Rusiyanın üstünlüyü ilə davam edir və NATO bloku bunun fərqinə varmağa başlayıb. Bu səbəbdən Qərb Ukraynanın tam itirilməməsi üçün münaqişənin danışıqlar masasına gətirilməsinə çalışır: "Rusiya Ukraynanın 20–25% ərazilərini nəzarətə götürüb, hərbi əməliyyatlar Ukraynanın dərinliklərinə doğru irəliləyir. Faktiki olaraq Rusiya diktə edən tərəfdir. Ukrayna bu müharibədə poliqon rolunu oynayır, real qarşıdurma Rusiya ilə NATO arasındadır.”
Politoloq həmçinin qeyd edib ki, ABŞ-nin irəli sürdüyü "sülh planı" obyektiv baxımdan real deyil, çünki rəsmi Vaşinqton münaqişədə vasitəçi yox, iştirakçı tərəfdir: "Amerikanın irəli sürdüyü sülh təşəbbüsü tərəfli təklifdir və reallığa uyğun deyil. Bu yalnız Trampın seçkiqabağı açıqlamalarına uyğun görüntü yaratmaq cəhdidir".
O həmçinin əlavə edib ki, Ukrayna 2014-cü ildə "rəngli inqilab" nəticəsində suverenliyini itirib və bu gün ölkənin gələcəyi Zelenskinin mövcud siyasi kursu fonunda daha da qeyri-müəyyən görünür: "Rusiyanın şərtləri qəbul ediləcək. Zelenski hakimiyyətdə olduğu müddətcə danışıqlar yolu ilə həll real deyil. Çünki o, neytrallıq kursu yerinə NATO inteqrasiyası, Qərb hərbi kontingentinin ölkəyə yerləşdirilməsi kimi addımlarla münaqişəni daha da dərinləşdirir.”
Politoloq hesab edir ki, müharibənin həlli yalnız Rusiyanın şərtlərinə uyğun şəkildə mümkündür: "Ukrayna neytral status qəbul etməli, heç bir hərbi bloka daxil olmamalıdır. Ən azı Qoşulmama Hərəkatına qoşulmaqla yeni siyasi konfiqurasiya yarada bilər. Təəssüf ki, hazırkı hakimiyyət bunun əksinə siyasət yürüdür. Zelenski olduğu müddətcə münaqişənin həlli mümkün deyil".
ABŞ-nin yeni "sülh planı"nı reallıqdan uzaq və siyasi məqsədli addım hesab edən A. Məsiyevin fikrincə, münaqişənin sonrakı mərhələsi Rusiyanın diktəsinə uyğun formalaşacaq və Ukraynanın gələcək siyasi taleyi ciddi şəkildə dəyişəcək.
Nigar Yahyazadə
19:18 20.11.2025
Oxunuş sayı: 1036