Tramp-Putin razılaşması Ukraynanı çətin seçim qarşısında qoyacaq - Ekspert
ABŞ-nin Rusiya ilə münasibətlərdə atdığı addımlar və Rusiya-Ukrayna müharibəsinə yanaşması Vaşinqtonun xarici siyasətinin gələcək istiqaməti ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb. ABŞ prezidenti Donald Tramp administrasiyasının Moskva ilə münasibətləri yumşaltmaq cəhdləri, Rusiyaya qarşı sanksiyaların mümkün yumşaldılması və Ukraynaya hərbi dəstəyin məhdudlaşdırılması ehtimalı diqqət çəkir. Bu siyasət ABŞ daxilində də tənqidlərə səbəb olur. Uzun illər Trampı müdafiə etmiş mühafizəkar hüquqşünas Endryu Makkartinin administrasiyanın Rusiya ilə bağlı addımlarının Konqres tərəfindən araşdırılmasına çağırması fikir ayrılıqlarının artdığını göstərir. Belə bir şəraitdə ABŞ-lə Rusiya arasında mümkün razılaşmaların şərtləri, Ukraynanın mövqeyi və Avropa müttəfiqlərinin prosesə təsiri əsas müzakirə mövzularına çevrilir.
Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-a açıqlamasında bildirib ki, Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Ukrayna məsələsində mövqeyini dəyişdiyi təəssüratı yaranır:

“Eyni zamanda, Cared Kuşner və Stiv Uitkoffun Rusiyaya səfəri zamanı ticarət sövdələşmələri ilə bağlı razılaşmaların əldə olunduğu bildirilir. Fikrimcə, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq göstərərək onu Putinlə razılaşmağa sövq edir. Bu yanaşma Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsi ilə nəticələnə bilər. Lakin Ukrayna danışıqlar masasında təmsil olunmasa, Avropa İttifaqı və Böyük Britaniya da prosesdən kənarda qalsa, belə bir razılaşmanın həyata keçirilməsi çətin olacaq”.
M. Əsədullazadə qeyd edib ki, ümumilikdə, bu prosesin əsasında Tramp və Putinin Ankoricdə keçirilən görüşündə müzakirə olunduğu iddia edilən razılaşmaların dayandığını düşünür:
“Həmin razılaşmalar çərçivəsində Donbasla bağlı Ukrayna qoşunlarının geri çəkilməsi və ərazi üzərində nəzarətin dəyişməsi kimi məsələlərin gündəmə gəldiyi ehtimal olunur. Bu isə Ukrayna üçün ciddi siyasi və hərbi nəticələr yarada bilər.
Bununla belə, hesab edirəm ki, Rusiya və Ukrayna arasında müəyyən razılaşmalar əldə olunsa belə, onların tam şəkildə həyata keçirilməsi çətin olacaq. Xüsusilə tərəflərin mövqeləri və maraqları arasındakı ciddi fərqlər nəzərə alındıqda, hər hansı razılaşmanın uzunmüddətli və dayanıqlı nəticə verəcəyini indidən söyləmək mümkün deyil”.
Nuray Mehtiyeva
20:30 20.10.2026
Oxunuş sayı: 53