Rusiya yeni qanadlı raket hazırladı: “Filin”in imkanları açıqlanıb
Rusiyanın hazırladığı kiçikölçülü “Filin” qanadlı raketi Ukraynanın hava hücumundan müdafiə sistemi üçün ciddi təhlükə hesab olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “UNIAN” agentliyi müdafiə sənayesi müəssisəsinin inkişaf direktoru, ehtiyatda olan hərbi aviasiya zabiti Anatoli Xrapçinskinin açıqlamasına istinadən məlumat yayıb.
Ekspertin sözlərinə görə, “Filin” raketinin yaradılması Rusiyanın müasir raket çatışmazlığı səbəbindən ucuz materiallardan və Çin elektronikasından istifadə etməsi ilə bağlı deyil. O hesab edir ki, bu layihə Rusiya müdafiə sənayesinin silah istehsalında modulluq və standartlaşdırma strategiyasına keçidinin nəticəsidir.
Xrapçinski bildirib ki, raketin hazırlanması ilə “Taktiki Raket Silahlanması” korporasiyasına daxil olan “Molniya” elmi-istehsalat birliyi məşğul olub. Eyni korporasiyaya Rusiyanın qanadlı raketlər üzrə əsas konstruktor bürosu olan “Raduga” da daxildir. Ekspertin fikrincə, bu, “Molniya” mühəndislərinə X-59, X-69 və X-101 raketlərinin konstruktor sənədlərindən istifadə etmək imkanı verib.
Onun sözlərinə görə, “Molniya” mütəxəssisləri əvvəllər hazırlanmış texnologiyaları və konstruktiv həlləri birləşdirərək raketin istehsalını genişləndirməyə imkan verən model yaradıblar. Xrapçinski qeyd edib ki, “Filin” raketində Rusiyanın “Reynolds” şirkətinin istehsalı olan R500 kiçikölçülü qaz-turbin mühərrikindən istifadə edilir.
Ekspert bu mühərrikin tətbiqini Rusiyanın silah istehsalında texnologiyaları lokallaşdırmaq cəhdinin göstəricisi kimi qiymətləndirib. Onun bildirdiyinə görə, eyni mühərrik “Suxoy” konstruktor bürosunun S-71M “Monoxrom” və S-71K “Kovyor” adlı yeni aviasiya raketlərində də istifadə olunur.
Xrapçinski əlavə edib ki, “Filin” raketinin idarəetmə sistemində “PLAZ” şirkətinin avtomatik idarəetmə bloklarından istifadə edilib. Onun sözlərinə görə, bu komponentlər “Qarpiya” və “Geran-2” pilotsuz uçuş aparatlarının sonrakı versiyalarında tətbiq olunan sistemlərlə eyniləşdirilib. Raketin elektron avadanlıqları arasında “Kometa” adaptiv anten sistemi və Çin istehsalı olan inersial naviqasiya sistemi də var.
Ekspertin iddiasına əsasən, raketin aerodinamik xüsusiyyətləri onun sürətini saatda 800 kilometrə, uçuş məsafəsini isə 1 200 kilometrə çatdırmağa imkan verir.
Xrapçinski hesab edir ki, layihənin əsas məqsədi Rusiya aviasiyasının resurslarına düşən yükü azaltmaq və Ukraynanın hava hücumundan müdafiə sistemini iqtisadi baxımdan tükəndirməkdir. Onun sözlərinə görə, yerüstü buraxılış qurğularının tətbiqi Rusiyaya uzaqmənzilli aviasiyadan asılılığı azaltmağa və sərhədyanı ərazilərdən raket buraxılışları həyata keçirməyə imkan verə bilər.
Ekspert “Filin” raketinin kiçik radar əksolunma sahəsinə və yüksək sürətinə görə aşkarlanmasının və zərərsizləşdirilməsinin çətinləşdiyini vurğulayıb. Onun qiymətləndirməsinə görə, hədəf radar üfüqündən çıxdıqdan sonra yerüstü hava hücumundan müdafiə vasitələrinin reaksiyası üçün cəmi 60–90 saniyə qala bilər.
Xrapçinski bildirib ki, belə raketlərə qarşı bahalı zenit-raket komplekslərindən istifadə Ukrayna üçün ciddi iqtisadi yük yarada bilər. Buna görə də o, ölkənin hava hücumundan müdafiə sisteminin texnoloji cəhətdən yenilənməsini və müxtəlif müdafiə vasitələrindən ibarət çoxqatlı sistemin yaradılmasını vacib sayır.
Ekspertin fikrincə, aşağı hündürlükdə uçan və radarda çətin aşkarlanan hədəflərin müəyyənləşdirilməsi üçün yeni aşkarlama texnologiyalarına ehtiyac var. O, həmçinin müxtəlif sürət və xüsusiyyətlərə malik hava hədəflərinə qarşı fərqli müdafiə vasitələrindən istifadə edilməsini təklif edib.
Xrapçinski ənənəvi mobil atəş qruplarının aşağı sürətli pilotsuz uçuş aparatlarına qarşı fəaliyyətini davam etdirməli, daha sürətli hədəflərin qarşısının alınması üçün isə avtomatlaşdırılmış zenit-artilleriya sistemləri və xüsusi ələkeçirici dronlar tətbiq edilməli olduğunu bildirib. Onun sözlərinə görə, bu yanaşma bahalı zenit raketlərinin ehtiyatını ballistik raketlərə və düşmən aviasiyasına qarşı qorumağa kömək edə bilər.
17:47 25.10.2026
Oxunuş sayı: 58