Tramp Baydeni Ukraynaya həddindən artıq yardım göstərməkdə ittiham edib
ABŞ Prezidenti Donald Tramp sələfi Cozef Baydeni Ukraynaya həddindən artıq hərbi yardım ayırmaqda tənqid edib və Avropa ölkələrinə silah satışından danışıb.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə “Fox News” telekanalına müsahibəyə istinadən məlumat yayıb.
Tramp bildirib ki, prezidentliyinin ilk dövründə ABŞ-nin silahlı qüvvələrini gücləndirib. Onun sözlərinə görə, Bayden Ukraynaya çoxlu silah verib, halbuki Avropa ölkələrindən bunun əvəzində ödəniş tələb edə bilərdi.
“Mən Avropaya silah satıram, onlar da bizə tam məbləği ödəyirlər və sonra istədiklərini edirlər”, – deyə Tramp bildirib. O əlavə edib ki, Avropa ölkələri aldıqları silahları Ukraynaya verə bilərlər və bu, onların öz qərarıdır.
ABŞ prezidenti, həmçinin ölkədə istehsal olunan sursatların hazırda ilk növbədə daxili ehtiyatların artırılmasına yönəldildiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ-nin öz arsenalları kifayət qədər doldurulduqdan sonra müttəfiqlərə tədarüklər bərpa ediləcək.
Xatırladaq ki, daha əvvəl CNN telekanalının mənbələri Trampın Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələr endirməyi davam etdirmək qərarından narazı qaldığını bildirmişdilər. Məlumatda qeyd olunurdu ki, ABŞ-nin maliyyə dəstəyi azalsa da, Ukrayna kəşfiyyat məlumatları və texnologiyalar baxımından Vaşinqtondan əhəmiyyətli dərəcədə asılı olaraq qalır.
Rusiya Prezidenti Vladimir Putin isə daha əvvəl Trampın Ukrayna münaqişəsinin həlli istiqamətində göstərdiyi səylərə görə ona təşəkkür etdiyini bildirmişdi.
19:38 25.10.2026
Oxunuş sayı: 53