ABŞ-də seçkilər Ukraynaya hərbi yardımın bərpasına yol aça bilər
ABŞ-də noyabrın 3-də keçiriləcək Konqres seçkilərində Demokratlar Partiyasının qələbəsi Vaşinqtonun xarici siyasətində, o cümlədən Ukraynaya hərbi yardım məsələsində dəyişikliklərə səbəb ola bilər.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, müstəqil analitiklər Demokratlar Partiyasının Nümayəndələr Palatasında, hətta mümkün olaraq Senatda da çoxluğu qazanmaq şansını yüksək qiymətləndirirlər. Bu, respublikaçıların iki illik nəzarətindən sonra demokratlara Vaşinqtonda qərarların qəbuluna daha çox təsir göstərmək imkanı verə bilər.
Demokratlar respublikaçıları Tramp administrasiyasının müharibəyə başlamaq və büdcə vəsaitlərini bölüşdürmək barədə qərarları faktiki olaraq Konqresin iştirakı olmadan qəbul etməsinə şərait yaratmaqda ittiham edirlər. Halbuki ABŞ Konstitusiyası bu sahələrdə Konqresə də mühüm səlahiyyətlər verir.
“Reuters”in təhlilinə əsasən, demokratlar Konqresdə nəzarəti ələ alsalar, ABŞ siyasətində dörd əsas istiqamət üzrə dəyişikliklər baş verə bilər.
Birinci istiqamət — İranla müharibəyə məhdudiyyətlərin qoyulmasıdır. Donald Trampın fevralın 28-də Konqresin əvvəlcədən razılığını almadan hərbi əməliyyatlara başladığı bildirilir. Demokratlar prezident qanunvericilərin razılığını almadığı təqdirdə müharibənin dayandırılmasını dəstəkləyiblər. Onlar Konqresin palatalarından ən azı birinə nəzarət edəcəkləri halda müdafiə xərclərini azaltmağa və administrasiya rəsmilərindən açıq hesabatlar tələb etməyə çalışa bilərlər.
İkinci istiqamət — Ukraynaya yardımın bərpasıdır. Tramp administrasiyası Kiyevə birbaşa maliyyə və hərbi yardımı böyük ölçüdə dayandırıb. Eyni zamanda, Rusiyanın enerji resurslarına qarşı sanksiyaların yumşaldılması qərarı respublikaçıların bir hissəsinin də narazılığına səbəb olub.
“Reuters” yazır ki, demokratlar Konqresdə çoxluq əldə edərlərsə, Ukraynaya yeni yardım paketinin təsdiqlənməsinə nail ola bilərlər. Nəşrin qiymətləndirməsinə görə, belə bir təşəbbüs prezidentin vetosunu aşmaq üçün tələb olunan üçdə iki səs çoxluğunu da toplaya bilər.
Üçüncü istiqamət — İsrailə yardım siyasətinə yenidən baxılmasıdır. Qəzza zolağındakı müharibə, çoxsaylı fələstinli mülki şəxsin həlak olması və İordan çayının qərb sahilində zorakılıq halları fonunda demokratlar arasında İsrailə dəstək azalıb. “Reuters”in məlumatına görə, son maliyyə ilində İsrailə 3,8 milyard dollar hərbi yardım ayrılıb. Bu, digər ölkələrə verilən yardımdan çox olub.
Dördüncü istiqamət — hərbi xərclərin azaldılması və beynəlxalq yardımın bərpasıdır. Tramp müdafiə büdcəsinin 67 faiz artırılaraq 1,5 trilyon dollara çatdırılmasını təklif edib. Demokratlar isə İranla müharibə və sosial proqramların ixtisarı ilə bağlı narazılıqlar fonunda bu təşəbbüsün Senatda qarşısını alıblar.
19:20 25.10.2026
Oxunuş sayı: 51