Tikinti şirkətləri maliyyə göstəricilərini ictimaiyyətə açıqlamaqdan yayınır
Azərbaycanda bəzi şirkətlərin mənfəət göstəricilərində azalmalar müşahidə olunur. Xüsusilə satış həcmlərinin aşağı düşməsi şirkətlərin gəlirlərinə və ümumi maliyyə nəticələrinə təsir göstərir. Tikinti sektorunda isə maliyyə hesabatlarının tam açıqlanmaması və kənar maliyyə mənbələrindən istifadə kimi amillər vəziyyətin real mənzərəsini qiymətləndirməyi çətinləşdirir. Bəs şirkətlərdə mənfəətin azalmasına hansı amillər təsir edir və tikinti sektorunda vəziyyət necədir?

Crossmedia.az-a açıqlama verən əmlak eksperti Ramil Osmanlı şirkətlərin maliyyə göstəricilərindəki dəyişikliklər və tikinti sektorundakı vəziyyətlə bağlı fikirlərini bölüşüb.
Ekspert qeyd edib ki, satışlar azalırsa, istər xidmət, istərsə də istehsal sahəsində fəaliyyət göstərən şirkətlərdə gəlirlərin və ümumi mənfəətin azalması təbii haldır: “Qısamüddətli dövrdə satışları azalan şirkətlər gələcək riskləri nəzərə alaraq inzibati və digər xərcləri dərhal azaltmaya bilirlər. İşçilərin saxlanılması, ofis və digər zəruri xərclərin davam etməsi əməliyyat xərclərinin yüksək qalmasına səbəb olur. Bu baxımdan, 2026-cı il üzrə bəzi şirkətlərdə mənfəətin kəskin azalması satış həcminin və pul daxilolmalarının azalması ilə daha çox bağlıdır. Əgər bu vəziyyət növbəti illərdə də davam edərsə, şirkətlər xərclərin optimallaşdırılmasına getməyə məcbur olacaqlar. Hazırda isə bir çox şirkət müəyyən ehtiyatlar və digər imkanlar hesabına fəaliyyətini qorumağa çalışır. Ekspert hesab edir ki, 2026-cı ildə ölkədəki ümumi iqtisadi göstəricilər fonunda şirkətlərdə belə azalmaların müşahidə olunması başadüşüləndir. Tikinti sektorunda da vəziyyət ümumilikdə oxşardır. Bir sıra tikinti şirkətləri maliyyə göstəricilərini ictimaiyyətə açıqlamır”.
Ekspert qeyd edib ki, tikinti şirkətlərinin əhəmiyyətli hissəsinin kənar maliyyə mənbələrinə çıxışı var və bəzi hallarda mənzil satışı həyata keçirməsələr belə, illərlə fəaliyyət göstərmək imkanına malikdirlər: “Şəffaf maliyyə hesabatlılığı və yalnız gəlirlərdən asılı fəaliyyət mexanizmi bu gün tikinti şirkətləri üçün tam xarakterik deyil. Buna görə də sektorun real maliyyə vəziyyəti barədə konkret nəticə çıxarmaq müəyyən qədər çətindir”.
Zeynəb Həsən
19:00 13.08.2026
Oxunuş sayı: 47