Minatəmizləmə prosesi uzun müddət davam edəcək
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minatəmizləmə prosesi davam edir. Bölgələrin minalardan təmizlənməsi uzunmüddətli və yüksək riskli proses olduğundan bu istiqamətdə müasir texnologiyaların və beynəlxalq təcrübənin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan müxtəlif ölkələrlə əməkdaşlıq çərçivəsində qabaqcıl minatəmizləmə imkanlarından yararlanmağa çalışır. Xüsusilə ABŞ və Böyük Britaniyanın bu sahədəki təcrübəsinin prosesə cəlb edilməsi diqqət çəkən məsələlərdəndir. Bəs beynəlxalq təcrübə və müasir texnologiyalar Azərbaycanın minatəmizləmə prosesinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ABŞ və Böyük Britaniyanın bu sahədəki təcrübəsindən yararlanmaq minatəmizləmə prosesinin sürətlənməsinə imkan verə bilər:

“Minatəmizləmə prosesi kifayət qədər uzun müddət tələb etdiyindən davam edəcək. Ona görə də bir çox ölkələrin, xüsusilə də ABŞ və Böyük Britaniyanın bu sahədəki təcrübəsindən yararlanmaq Azərbaycan üçün proseslərin sürətlənməsini təmin edə bilər. Qabaqcıl texnologiyaların və beynəlxalq metodologiyaların tətbiqi həm də bu çətin işdə riskləri minimuma endirməyə kömək edər. Belə bir qlobal tərəfdaşlıq azad olunmuş ərazilərin daha təhlükəsiz və qısa zamanda yenidən qurulmasına böyük töhfə verə bilər”.
Zeynəb Həsən
15:30 13.08.2026
Oxunuş sayı: 50