Minalı ərazilərin xəritəsi ilə bağlı şok açıqlama: Məhv edilib
Bu gün regionumuzda dayanıqlı sülhün və etimad mühitinin qurulması istiqamətində mühüm addımlar atılır. Tərəflər arasında gələcəyə yönəlmiş dialoqun sürətləndiyi bir vaxtda, humanitar sahədəki bəzi açıq qalan məsələlərin həlli də böyük önəm kəsb edir. Xüsusilə azad olunmuş ərazilərin təhlükəsizliyi və minalardan təmizlənməsi prosesi bu sülh quruculuğunun ən vacib sütunlarından biridir. Bununla belə, keçmiş təcrübələri və zaman amilini təhlil etdikdə, bu istiqamətdəki gözləntilərə daha real yanaşmaq ehtiyacı yaranır. ANAMA-dan da bildirilib ki, Ermənistandan minalanmış ərazilərin xəritəsi ilə bağlı müsbət bir addım yoxdur.

Məsələ ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlama verib:
"Məncə, Ermənistan artıq bizə hansısa bir formada o mina xəritələrinin verilməsini həyata keçirməyəcək. Bunun bir neçə səbəbi ola bilər: ya bu xəritələr ümumiyyətlə mövcud olmayıb, ya da Ermənistanın yox, başqa tərəflərin — yəni Rusiyanın və digərlərinin əlindədir, yaxud da vaxtilə mövcud olub, sonradan məhv edilib. Ona görə də bu məsələ bir az arxa plana keçə bilər. O baxımdan belə bir xəritəni alacağımızı real hesab etmirəm. Yadınızdadırsa, təxminən 2021–2022-ci illərdə bizə bəzi xəritələr vermişdilər. Lakin onlar doğru olmayan, qeyri-dəqiq xəritələr idi və aparılan araşdırmalar nəticəsində cəmi 5–10%-lik bir dəqiqlik əldə etmək mümkün oldu; yəni doğru-düzgün məlumat yox idi.
Bütün bunları nəzərə alaraq düşünürəm ki, Azərbaycan dövləti bu minaları ancaq öz imkanları hesabına təmizləyə biləcək. Ermənistanın bizə real mina xəritələri verəcəyini gözləmək, məncə, əbəsdir. Çünki müharibədən artıq altı il keçib. Bu vaxta qədər hər hansı bir formada bunu etməyiblərsə, bundan sonra edəcəkləri də real görünmür. Hətta ən yaxşı halı düşünüb bu xəritələrin var olduğunu fərz etsək belə, onları Ermənistan Müdafiə Nazirliyi təqdim etməlidir. Bunun nə dərəcədə real olduğunu və həmin xəritələrin dəqiqliyini yoxlamaq isə çox çətindir. Düşünürəm ki, bu, heç də asan məsələ olmayacaq".
Turqut Ansari
16:00 20.07.2026
Oxunuş sayı: 63