Məşhur yapon yazıçısı Ryu Murakami vəfat edib
Yaponiyanın tanınmış yazıçısı, rejissor və ssenarist Ryu Murakami 74 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə Yaponiya mətbuatına istinadən məlumat yayıb.
Bildirilib ki, yazıçı oktyabrın 17-də yaşadığı evdə dünyasını dəyişib. Onun vəfatı barədə məlumat oktyabrın 23-də “Gentosha” nəşriyyatı tərəfindən açıqlanıb. Ölümünün səbəbi bildirilməyib. Dəfn mərasimi ailə üzvlərinin iştirakı ilə keçirilib.
Ryu Murakami 1952-ci il fevralın 19-da Yaponiyanın Naqasaki prefekturasının Sasebo şəhərində anadan olub.
O, 1976-cı ildə Musaşino İncəsənət Universitetinin tələbəsi olarkən ilk romanı olan “Mavinin bütün çalarları” əsərini nəşr etdirib. Roman ona “Gundzo” jurnalının gənc müəlliflər üçün mükafatını və Yaponiyanın nüfuzlu Akutaqava mükafatını qazandırıb.
Əsər bestsellerə çevrilərək təxminən 3,5 milyon nüsxə tirajla satılıb.
Yazıçının 1980-ci ildə nəşr olunan “Saxlama kameralarının uşaqları” romanı da geniş şöhrət qazanıb. O, bu əsərə görə gənc yazıçılar üçün nəzərdə tutulan Noma mükafatına layiq görülüb.
Murakaminin “Miso şorbasında”, “Parazitlər”, “Vətən” və digər romanları da oxucular tərəfindən maraqla qarşılanıb.
Yazıçı əsərlərində müharibə, zorakılıq, tənhalıq, cəmiyyətdən təcridolunma və müasir Yaponiyanın sosial problemlərini işıqlandırıb.
Ryu Murakami yalnız ədəbiyyatla kifayətlənməyib, kino sahəsində də fəaliyyət göstərib. O, öz əsərləri əsasında beş tammetrajlı film çəkib.
Onun “Kinoprob” romanı əsasında 1999-cu ildə rejissor Takaşi Miike tərəfindən çəkilən eyniadlı film beynəlxalq miqyasda məşhurluq qazanıb.
Murakami 2006-cı ildən Yaponiya televiziyasında yayımlanan “Kembri sarayı” adlı iqtisadi tok-şounun aparıcılarından biri olub və 2026-cı ilin martında proqramdan ayrılıb.
Qeyd edək ki, Ryu Murakami digər məşhur yapon yazıçısı Haruki Murakami ilə qohum olmayıb. Eyni dövrdə yaradıcılığa başlayan iki ədib Yaponiyada tez-tez “İki Murakami” adlandırılıb.
01:20 25.10.2026
Oxunuş sayı: 54