"Zülfüqar-2026"nın strateji əhəmiyyəti: Xüsusi təyinatlıların birgə hazırlığı nə vəd edir?
İordaniyada Azərbaycan, Türkiyə, Pakistan və İordaniyanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən "Zülfüqar-2026" birgə taktiki təlimi başa çatıb. Təlimin əsas məqsədi iştirakçı ölkələrin xüsusi təyinatlı bölmələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, döyüş hazırlığının artırılması və əməliyyat təcrübəsinin paylaşılması olub.

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlamasında bildirib ki, "Zülfüqar-2026" təlimləri müasir geosiyasi reallıqlar fonunda mühüm strateji əhəmiyyət daşıyır:
"Zülfüqar-2026" birgə taktiki təlimləri müasir geosiyasi təhdidlər fonunda kifayət qədər mühüm strateji əhəmiyyət daşıyır. Bu təlimlər iştirakçı ölkələrin vahid vəzifələri icra etməsi istiqamətində həm qərargahların, həm də bölmələrin fəaliyyətinin uzlaşdırılması məqsədi daşıyırdı".
Ekspertin sözlərinə görə, bu cür təlimlər iştirakçı ölkələrin hərbi hazırlıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır:
"Təlimlərin keçirilməsi iştirakçı ölkələrin döyüş hazırlığını, koordinasiya imkanlarını və idarəetmə prosesini kifayət qədər asanlaşdırır. Digər tərəfdən isə bu təlimlər regional təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində xüsusi təyinatlı qüvvələrin baş verə biləcək istənilən neqativ proseslərə operativ reaksiya vermək imkanlarını formalaşdırır".
Ə.Verdiyev hesab edir ki, bu cür təlimlər təkcə təcrübə mübadiləsi deyil, həm də müttəfiq ölkələrin birgə əməliyyat qabiliyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir:
"Bu təlimlər iştirakçı müttəfiq ölkələrin qoşunlarının əməliyyat fəaliyyətinin uzlaşdırılması, döyüş təcrübəsinin mübadiləsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi və dost ölkələrin çoxmillətli mühitdə mürəkkəb tapşırıqları birgə yerinə yetirməsi baxımından kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, iştirakçı ölkələrin idarəetmə strukturlarının bir-biri ilə sinxron fəaliyyət göstərməsini də təmin edir".
Zərnigar Hüseynli
13:00 01.08.2026
Oxunuş sayı: 62