Qatarla Tbilisiyə gedənlər üçün mühüm yenilik: Biletlər...
"Bakı-Tbilisi-Bakı" beynəlxalq dəmir yolu marşrutu üzrə biletlərin satış müddəti artırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, qərar sərnişin məmnuniyyətinin artırılması, artan tələbatın daha səmərəli qarşılanması və səfərlərin əvvəlcədən planlaşdırılması imkanlarının genişləndirilməsi məqsədilə qəbul edilib.
Məlumata görə, yeni mexanizm çərçivəsində biletlərin satış müddəti mərhələli şəkildə uzadılır. Hazırda sərnişinlər biletləri əvvəlki 30 gün əvəzinə 44 gün öncədən ala bilirlər. Yaxın günlərdə isə satış pəncərəsinin mərhələli şəkildə 90 günə çatdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, bu yenilik turist və işgüzar səfərləri, eləcə də ailə ziyarətlərini daha rahat planlaşdırmağa imkan verəcək. Eyni zamanda, satış müddətinin uzadılması "Azərbaycan Dəmir Yolları"na sərnişin tələbatını daha dəqiq proqnozlaşdırmaq, zərurət yarandıqda əlavə vaqonların qoşulması və digər əməliyyat qərarlarını vaxtında qəbul etmək imkanı yaradacaq.
Qurumdan bildirilib ki, "Bakı-Tbilisi-Bakı" marşrutu üzrə əlavə reysin istifadəyə verilməsi istiqamətində də işlər davam edir. Bunun üçün Gürcüstan tərəfinin hazırlıq işlərini başa çatdırması ilə bağlı zəruri texniki və əməliyyat tədbirləri görülür.
12:26 06.08.2026
Oxunuş sayı: 61