Sibiqa: Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya ilk rəsmi səfərini yüksək qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Andriy Sibiqa bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Ukrayna XİN rəhbəri Ceyhun Bayramovu "dostu" adlandıraraq, onu Kiyevdə salamlamaqdan məmnunluq duyduğunu bildirib.
Andriy Sibiqanın sözlərinə görə, görüş zamanı Azərbaycan-Ukrayna münasibətləri, eləcə də beynəlxalq gündəmin aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
"Danışıqlarımız zamanı regional təhlükəsizlik, davamlı sülhə nail olunması istiqamətində səylər, iqtisadi və enerji sahələrində əməkdaşlıq, həmçinin Azərbaycanın Ukraynanın bərpasına verdiyi mühüm töhfə müzakirə olundu", - deyə Ukrayna XİN rəhbəri qeyd edib.
O vurğulayıb ki, Kiyevdə keçirilən görüş Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addımdır.
Sibiqa bildirib ki, iki ölkə arasında dialoq yüksək səviyyəli təmaslar, praktiki əməkdaşlıq və ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində ortaq iradə sayəsində fəal şəkildə davam edir.
Ukrayna xarici işlər naziri Azərbaycanın müharibənin ilk günlərindən etibarən göstərdiyi humanitar dəstəyə görə təşəkkür edib.
"Azərbaycanın xüsusilə Ukraynanın enerji dayanıqlığının gücləndirilməsi, kritik infrastrukturun bərpası və yenidənqurma işlərinə verdiyi dəstəyi yüksək qiymətləndiririk", - deyə Sibiqa bildirib.
O, həmçinin Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndirdiyini qeyd edib.
"Ukrayna da öz növbəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə sadiqdir", - deyə Andriy Sibiqa vurğulayıb.
Ukrayna XİN rəhbəri Ceyhun Bayramova məhsuldar danışıqlara görə təşəkkür edib və iki ölkə arasında dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
13:22 06.08.2026
Oxunuş sayı: 50