Media orqanlarına yeni güzəşt - Prezident sərəncam imzaladı
Media sahəsində yeni islahatlara doğru növbəti mühüm addım atılır. Media məqsədləri üçün istifadə olunan materialların və avadanlıqların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarının hazırlanması nəzərdə tutulur. Bu dəyişiklik media qurumlarının texniki təminatının gücləndirilməsi, operativ fəaliyyət imkanlarının artırılması və inzibati maneələrin aradan qaldırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə xaricdən gətirilən çəkiliş avadanlıqları, çap materialları və digər texniki vasitələrin daha sürətli rəsmiləşdirilməsi xəbərlərin operativ hazırlanmasına birbaşa təsir göstərə bilər. Mütəxəssislər hesab edirlər ki, bu addım təkcə media sektoruna deyil, ümumilikdə informasiya mühitinin inkişafına xidmət edəcək. Eyni zamanda, yeni mexanizmin media subyektlərinin maliyyə yükünü azaltması, hüquqi müəyyənliyi gücləndirməsi və şəffaflığı artırması gözlənilir. Bununla yanaşı, prosedurların elektronlaşdırılması media qurumlarının işini daha da asanlaşdıra bilər. Qaydaların hansı materiallara və hansı media subyektlərinə şamil olunacağı isə hazırlanacaq hüquqi mexanizmdən asılı olacaq.

Mövzu ilə bağlı Crossmedia.az-a "Türküstan Media Qrupu"nun və qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ölkədə müstəqil media subyektləri də formalaşıb: "İstər çap mediası, istər onlayn, istərsə də audiovizual media subyektləri fəaliyyət göstərir. Baxmayaraq ki, bu dövrdən artıq bir neçə onillik keçib, etiraf etmək lazımdır ki, ölkəmizdə medianın iqtisadi dayanıqlığı, reklam mühiti və iqtisadi baxımdan müstəqilliyini təmin etməsi ilə bağlı problemlər qalmaqdadır. Bu problemləri görən Azərbaycan dövləti media sektorunu dəstəkləmək istiqamətində bir sıra addımlar atır. Bu dəstəklər sırasında ilk növbədə Medianın İnkişafı Agentliyi tərəfindən çap və onlayn mediaya göstərilən davamlı maliyyə dəstəyini qeyd etmək olar. Eyni zamanda gənc jurnalistlərin təlimləndirilməsi, media savadlılığının artırılması, rəqəmsal mediaya keçidlə bağlı yeni çağırışların çatdırılması istiqamətində həyata keçirilən tədbirlər də mühüm əhəmiyyət daşıyır. Bundan başqa, artıq ikinci dəfə olaraq çap və onlayn medianın üç il müddətinə vergidən azad olunması ilə bağlı qərarın davam etdirilməsi də bu dəstəyin tərkib hissəsidir. Hazırda gündəmdə olan media subyektlərinə aid məhsulların gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi də bu istiqamətdə atılan növbəti addımdır. Məsələn, çap məhsulları üçün ölkəyə kağız və boya materialları gətirilir. Bu sahədə müəyyən güzəştlər tətbiq olunarsa, bu, istər-istəməz mətbəələrin qəzetlərə göstərdiyi xidmətlərin maya dəyərinə də təsir göstərəcək. Eyni zamanda televiziya kanalları və onlayn media qurumları üçün xaricdən gətirilən texnika və avadanlıqlara da bu dəstək müsbət təsir göstərəcək. Ümumilikdə media cameəsi gözlənilən bu dəyişikliyi yalnız alqışlayır”.

Məsələnin hüquqi aspektlərini izah edən hüquqşünas Vüsalə Əhmədova bildirib ki, media məqsədləri üçün istifadə olunan avadanlıqların və materialların gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsini müsbət dəyişiklik hesab edə bilərik: "Çünki medianın işi operativlik tələb edir. Hadisə baş verən kimi jurnalistlər məlumat toplamalı, çəkiliş aparmalı və xəbəri qısa müddətdə ictimaiyyətə çatdırmalıdırlar. Əgər bu prosesdə istifadə olunacaq avadanlıq günlərlə və ya həftələrlə gömrükdə qalarsa, media öz funksiyasını vaxtında yerinə yetirə bilməz. Əlbəttə, sadələşdirilmiş prosedurların hansı materiallara və hansı media subyektlərinə şamil ediləcəyi hələ məlum deyil. Müxtəlif yanaşmalar və hüquqi mübahisələr yaranmaması üçün bütün bu detallar qanunvericilikdə aydın şəkildə əks olunmalıdır”.
Hüquqşünas qeyd edib ki, əsas üstünlük ilk növbədə media qurumlarının işinin sürətlənməsi olacaq: “Məsələn, televiziya kanalı xaricdən yeni kamera, canlı yayım avadanlığı və ya xüsusi çəkiliş texnikası gətirirsə, həmin avadanlığın gömrükdə uzun müddət gözləməsi həm əlavə xərc yaradır, həm də iş prosesini ləngidir. Sadələşdirilmiş qaydalar bu cür gecikmələrin qarşısını ala bilər. Digər mühüm üstünlük hüquqi müəyyənliyin artırılmasıdır. Qaydalar nə qədər aydın olarsa, media subyektləri hansı sənədləri təqdim etməli olduqlarını və hansı prosedurlardan keçəcəklərini əvvəlcədən biləcəklər. Bu isə həm vaxt itkisini azaldacaq, həm də müxtəlif yozumların və anlaşılmazlıqların qarşısını alacaq. Bundan başqa, prosedurlar sadə olduqda dövlət orqanlarının işi də asanlaşır. Həm media nümayəndələri, həm də gömrük əməkdaşları üçün proses daha şəffaf və səmərəli olur. Yeni qaydalar media subyektlərinin fəaliyyətinə də müsbət təsir göstərə bilər. Beynəlxalq tədbirlər, fövqəladə hallar, idman yarışları və digər aktual hadisələrin işıqlandırılması zamanı çəkiliş avadanlığının və texniki vasitələrin ölkəyə qısa müddətdə daxil olması bəzən xəbərin ictimaiyyətə çatdırılması baxımından həlledici rol oynayır. Sadələşdirilmiş prosedurlar sayəsində həmin avadanlıqlar daha tez rəsmiləşdiriləcək və jurnalistlər işə vaxtında başlaya biləcəklər. Bununla yanaşı, media qurumlarının inzibati yükü də azalacaq. Onlar daha az sənəd toplayacaq, daha az vaxt sərf edəcək və əsas diqqətlərini öz peşə fəaliyyətlərinə yönəldə biləcəklər. Əgər bu proses elektron xidmətlər vasitəsilə həyata keçirilərsə, əlavə üstünlüklər yaranacaq. Sənədlərin onlayn təqdim edilməsi, əvvəlcədən məlumat göndərilməsi və rəqəmsal xidmətlərin tətbiqi həm şəffaflığı artıracaq, həm də insan amilindən irəli gələn problemləri azaldacaq. Media sahəsi də iqtisadi fəaliyyət növü sayılır. Televiziya kanalları, xəbər agentlikləri, onlayn media platformaları və digər media subyektləri fəaliyyətlərini davam etdirmək üçün müasir texniki avadanlıqlara ehtiyac duyurlar. Bu avadanlıqların ölkəyə gətirilməsinin asanlaşdırılması onların xərclərinin azalmasına və fəaliyyətlərinin daha səmərəli təşkilinə kömək edə bilər. Digər mühüm məqam ondan ibarətdir ki, dövlət sahibkarlar üçün prosedurları sadələşdirdikcə biznes mühiti də yaxşılaşır. Media qurumları inzibati maneələrlə deyil, peşə fəaliyyətləri ilə məşğul olurlar. Bu isə yerli media şirkətlərinin inkişafını təmin edən, ümumilikdə ölkənin media bazarının rəqabət qabiliyyətini artıran amillərdən biri hesab oluna bilər”.
Zeynəb Həsən
12:00 06.08.2026
Oxunuş sayı: 375