Tanınmış alpinist Nirmal Purca uçqun nəticəsində həlak olub
Müasir dövrün ən tanınmış alpinistlərindən biri, britaniyalı-nepallı idmançı Nirmal Purca Pakistanda Broad Peak dağında güclü qar uçqunu nəticəsində həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə onun rəhbərlik etdiyi ˝Elite Expeditions˝ şirkəti məlumat yayıb.
Məlumata görə, beynəlxalq ekspedisiyanın bir neçə digər üzvü də həyatını itirib.
Uçqun cümə axşamı 6600 metr yüksəklikdə, 10 nəfərlik komandanın səkkizminlik zirvələrdən birinə qalxdığı zaman baş verib. Hadisədən sonra alpinistlərlə əlaqə kəsilib. Çətin hava şəraitində xilasetmə xidmətləri bir neçə gün ərzində axtarış əməliyyatı aparıb.
Xilasedicilər ekspedisiyanın üç üzvünün — ABŞ vətəndaşı olan qadın alpinistin, Oman vətəndaşı olan qadın alpinistin və nepallı alpinistin cəsədini aşkar ediblər. Daha sonra Nirmal Purcanın və komandanın digər üzvlərinin də həlak olduğu təsdiqlənib.
43 yaşlı Purca öz nəslinin ən böyük yüksəklik alpinistlərindən biri hesab olunurdu. O, 2019-cu ildə 8000 metrdən yüksək 14 zirvənin hamısına cəmi 6 ay 6 gün ərzində qalxaraq dünya rekordu müəyyənləşdirib. Alpinist əlavə oksigendən istifadə etmədən zirvələrə qalxması ilə də tanınırdı.
Peşəkar alpinist fəaliyyətinə başlamazdan əvvəl Purca Britaniya ordusunda elit qurka bölməsində, daha sonra isə Böyük Britaniya Kral Dəniz Piyadalarında xidmət edib.
Faciədən əvvəl alpinist “X” sosial şəbəkəsində bütün 14 səkkizminlik zirvəni əlavə oksigendən istifadə etmədən iki dəfə fəth edən ilk insan olmaq istədiyini yazmışdı. Broad Peak dağına qalxmazdan əvvəl isə təhlükəsiz yüksəliş və sağ-salamat geri qayıtmaq üçün dua etməsini xahiş edən paylaşım etmişdi.
Hündürlüyü 8047 metr olan Broad Peak dünyanın ən çətin zirvələrindən biri hesab olunur. Dağ Pakistanın şimalındakı Karakorum silsiləsində yerləşir və planetin 8000 metrdən yüksək 14 zirvəsi sırasındadır.
Nepalın Baş naziri Balendra Şah həlak olanların ailələrinə başsağlığı verib. O, alpinistlərin cəsarəti, fədakarlığı və töhfəsinin bütün dünyada insanlar üçün daim ilham mənbəyi olaraq qalacağını bildirib.
19:10 01.08.2026
Oxunuş sayı: 56