Azərbaycan dili müqəddəsdir, onu qorumaq bizim borcumuzdur!
Hər bir xalqın müstəqilliyi onun ən ali mükafatadır. Bu mükafatı almaq üçün isə minlərlə insanın qanı, canı vətən naminə fəda olmalıdır. Elə Azərbaycan xalqının uzun illər azadlıq, istiqlaliyyət naminə apardığı mübarizədə fəda etdiyi canlar kimi. Lakin azadlıq sadəcə inqilablarla olmur, mənəvi və mədəni mübarizə bir milləti millət edən, onun dövlətçiliyini formalaşdıran əsas amildir. Bu amillər içərisində ən əsas olan isə o xalqın dilidir. Hər kəsə məlumdur ki, Azərbaycanın vahid imperiyası olan Səfəvi dövlətinin yerində qurulan Əfşarlar imperiyasının süqutundan sonra xanlıqlar dövürünün başlaması Azərbaycanı xarici qüvvələrin rahatlıqla işğal edəcəyi yerə çevirdi. İlkin məqamda Rusiya imperiyası və daha sonra onu əvəz edən Sovet ittifaqı dövründə dilimiz və onun ədəbi daşıyıcıları ən sərt şəkildə təqib edilir, qəzetlər, kitablar və bu kimi maarifləndirmə vasitələri senzuralara məruz qalırdı. Dövlət dairələrində, yuxarı və aşağı bürokratiyada rus dili birinci dərəcəli ünsiyyət vasitəsi kimi qəbul olunur və bu dildə danımaq tələb edilirdi.
Qəzetlər, jurnallar, kitablar və bu qəbildən olan bütün düşündürücü “alətlər” rus dilində nəşr edilir, məktəblərdə, ali təhsil müəssiələrində tədris rus dilində həyata keçirilirdi. Bütün bu addımların bir səbəbi var idi. Xalqlara öz dilini unutdurmaq. Eləcə də, Azərbaycan xalqına.
Bəli, tarixin tozlu səhifələrində yazır ki, Azərbaycan ciddi şəkildə rus assimilasiyasına məruz qalmış, dilini, mədəniyyətini, adət-ənənələrini unutmağa sövq edilmişdir. Lakin tarixin qanlı və həm də şərəfli səhifələrində yazır ki, Azərbaycan dilinin, ədəbiyyatının, milli düşüncəsinin qorunması naminə neçə-neçə yazıçılarını, şairlərini, publisistlərini, iti qələm sahibi olan jurnalistlərini qurban vermiş, ancaq özünü, milli kimliyi olan dilini və bu dil əsasında formalaşan mədəniyyətini, incəsənətini, ruhunu, düşüncəsini və milli ideologiyasını itirməmiş, yad əllərə təslim etməmişdir.
Dil bir millətin fərdlərinin təkcə ünsiyyət vasitəsi deyil, bütün sahələrdə onları birləşdirən ali və mürəkkəb anlayışdır. Dil elə bir nemətdir ki, bütün dünya təamları ondan sonra vacib və mütləq sayıla bilər.
Azərbaycan dili bu günün və ya dünənin dili deyil. Azərbaycan dili türkün nəğmə qoşduğu, şeir yazdığı, dastan düzdüyü dildir. Bu dilin zənginliyini bilmək üçün 6-7-ci əsrlərə aid olan və Azərbaycan türklərinin də mənsub olduğu Oğuzların qəhramnalıq salnaməsi olan Kitabi Dədə Qorqud dastanını oxumaq bəs edər. Dərisi soyulanda belə öz ana dilində qəzəl deyən Nəsiminin, ərəb torpaqlarında yaşasa da öz dilində poema yazan Füzulinin, Azərbaycan dilində ilk poeziya nümunəsi yaradan İzəddin Həsənoğlunun, rus təqiblərinin qurbanı olan Hüseyn Cavidin, Mikayıl Müşfiqin, öz dilində danışmağı ar bilən fasonlu ədəbazları rəzil edən Bəxtiyar Vahabzadənin, və ən əsası bütün bürokratik dairələrdə rus dilində danışmaq tələbi qoyulduğu, sovet imperiyasının zülmkar qılıncının ölüm sovurduğu vaxtlarda Bakı Dövlət Universitetinin yubileyində öz doğma Azərbaycan dilində danışan xalqın lideri, Ulu Öndər Heydər Əliyevin ruhu bu dildə yaşayır. Bu dil Azərbaycan xalqını var edən, dövlətçiliyini var edən amillərdəndir.
Bu gün getdikcə qloballaşan dünyada biz istəsək də, istəməsək də sosial şəbəkələr vasitəsi ilə müəyyən xarici kəlmələr insanların leksikonuna daxil olur, onları istifadə edərkən özlərini daha dünyagörmüş, daha ağıllı hesab edirlər. Kənardan baxdıqda isə bu sadəcə gülünc görünür. Bəli xarici dil bilmək, o dildə danışmağı bacarmaq mükəmməldir və lazımdır.
Lakin bu, bizim öz dilimizi unutmağımıza, bu dildə olan köklü ifadələri başqa bir dildə olan sözlərlə əvəzləməyimizə dəlalət etmir.
Elə Müzəffər Ali Baş Komandan, möhtərəm prezident İlham Əliyev cənablarının da dediyi kimi: “Xarici kəlmələr dilimizi pozur, zənginləşdirmir. Milli kimliyimizi də sarsıdır, damcı-damcı, yavaş-yavaş əldən gedir. Dil əldən gedəndən, pozulandan sonra və yaxud başqa bir dilə tamamilə uyğunlaşandan sonra milli kimlik də gedəcək, dövlətçilik də gedəcək və ondan sonra Allah eləməsin ölkəmiz də böyük fəlakətlə üzləşə bilər. Ona görə də dilimizi qorumaq hər birimizin vəzifəsidir”.
Bu isə cənab prezidentin birbaşa diqqət və qayğısı ilə Azərbaycan dili dövlət kimi qorunur, akademik səviyyədə dilin fundamental bazası və dilçilik əsasları möhkəmləndirilir.
Azərbaycan dili şeirin, sənətin, söz-söhbətin dilidir. Mən bir şair, yazıçı kimi başqa bir dildə yazıb yarada biləcəyimi düşünə bilməmişəm, beynalxalq dil olan ingilis dilini mənim də danışa bilməyimə baxmayaraq. Çünki, mən əminəm ki , Odlar yurdunun dili, bu dilin sözləri də atəşdəndir. Bu atəş ki, neçə-nəçə qarlı-boranlı günləri keçməyimiz üçün ocaq qaladığımız-danışdığımız vasitədir. Bu atəş ki, vətən övladlarının eşitdiyi ilk nəğməni – laylanı bizim ruhumuza vətən eşqini yeridib.
Azərbaycan dilində oxunan layla ilə yuxuya gedən bir körpəni yenə o dildə - ana dilində, ana çağırışı oyadır.
Ümumilli Lider Heydər Əliyev cənablarının da dediyi kimi: Özümüzün dilimiz var – “Azərbaycan dili, və çox da gözəl dilimiz var, çox zəngin dilimiz var, çox ləzzətli dilimiz var. Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətin milliyini saxlayan onun dilidir”.
Azərbaycan zəngin və əsrarəngiz diyardır, Odlar yurdu, odlar məmləkətidir. Azərbaycan dövləti min illik dövlətçilik ənənələrinə sahib olan dövlətdir. Azərbaycan qalib ölkədir!
Azərbaycan dili də müqəddəs dildir, müqəddəs amildir. Bir xalqın borcu onun üçün müqəddəs olanı qorumaqdır. Azərbaycanımızı, müstəqilliyimizi, bu müstəqillik ağacınınkökünü– dilimizi qoruyaq!
Mən fəxr edirəm ki, qələmimlə dövlətimə xidmət edirəm!

Turqut Ansari
16:30 01.08.2026
Oxunuş sayı: 71