Spotify-da 1 milyard dinlənməni keçən məşhur mahnı
Britaniyanın əfsanəvi “Led Zeppelin” qrupunun 1970-ci ildə təqdim etdiyi “Immigrant Song” mahnısı “Spotify” platformasında 1 milyard dinlənmə həddini ötüb.
Crossmedia.az xəbər verir ki, “Parade” nəşri bu barədə məlumat yayıb.
Mahnının yaranma tarixçəsi qrup üzvlərinin İslandiyaya səfəri ilə bağlıdır. Musiqiçilər bu ölkədə aldıqları təəssüratlardan o qədər təsirləniblər ki, mahnının ideyası geri dönüş təyyarəsində yaranıb.
Qrupun solisti Robert Plant müxtəlif illərdə verdiyi müsahibələrdə bildirib ki, mahnının yazılmasına Reykyavikdəki konsert səbəb olub. “Led Zeppelin” İslandiya hökumətinin dəvəti ilə mədəniyyət proqramı çərçivəsində ölkəyə səfər edib. Lakin konsertdən qısa müddət əvvəl dövlət qulluqçularının tətilə başlaması tədbirin keçirilməsini təhlükə altına alıb.
Nəticədə universitet musiqiçilərə konsert məkanı təqdim edib və çıxış böyük uğur qazanıb.
Məhz bu səfər “Immigrant Song” mahnısının yaranmasına ilham verib. Kompozisiya qrupun əvvəlki albomlarından fərqlənməsini istədiyi “Led Zeppelin III” albomunun açılış mahnısı olub. Mahnının sözlərində Şimali Avropa mifologiyasına istinad edən buz, qar və vikinqlərlə bağlı obrazlardan istifadə edilib.
Robert Plant qeyd edib ki, mahnı hansısa möhtəşəm əfsanə yaratmaq məqsədilə yazılmayıb. Onun əsasında real səyahət və konsertdən alınan təəssüratlar dayanır.
Mahnının tarixçəsi ilə bağlı daha bir maraqlı məqam 2023-cü ildə Plantın müsahibəsində açıqlanıb. Söhbət kompozisiyanın rejissor Riçard Linkleyterin “Rok məktəbi” (“School of Rock”) komediyasında istifadəsindən gedir.
Qrup üzvləri mahnılarının filmlərdə səsləndirilməsinə nadir hallarda razılıq versələr də, bu dəfə Cek Blekin “Immigrant Song” ifasını izlədikdən sonra təklifi qəbul ediblər.
Plant aktyorun mahnının enerjisini uğurla çatdırdığını bildirib. O, kompozisiyanın müxtəlif nəsillərin dinləyiciləri tərəfindən kəşf edilməsinə dəyər olduğunu vurğulayıb. Solist həmçinin mahnının mürəkkəb gitara rifinin ifasının çətinliyindən zarafatla danışıb və nəvələrinin artıq Cek Blekin ifasındakı gitara partiyalarını öyrəndiklərini qeyd edib.
Plant mahnıdakı vikinq obrazlarını da xatırladıb. Onu xüsusilə avarçəkənlər və hərəkətin ritmini müəyyən edən böyük zərb alətləri ilə bağlı tarixi təsvirlər əyləndirib. Onun fikrincə, “Rok məktəbi” filmi “Led Zeppelin”in musiqisini yeni dinləyici auditoriyasına tanıdıb.
Məlumata görə, “Immigrant Song” mahnısının “Spotify” platformasında dinlənmə sayı 1 milyard 45 milyon 137 min 175-ə çatıb. Beləliklə, 56 il əvvəl yayımlanan kompozisiyanın populyarlığı artmaqda davam edir.
03:00 05.11.2026
Oxunuş sayı: 49