BMW-də son 6 ilin ən pis nəticəsi: Mənfəət 35 faiz azalıb
Almaniyanın avtomobil nəhəngi BMW-nin mənfəəti 2026-cı ilin ilk doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 faiz azalıb. Şirkət son altı ilin ən zəif maliyyə nəticəsini göstərib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə BMW-nin maliyyə hesabatına istinadən məlumat yayıb.
Hesabata əsasən, konsernin faiz və vergilər çıxılmamış mənfəəti 5,2 milyard avro təşkil edib. Yanvar-sentyabr aylarında xalis mənfəət isə 24 faiz azalaraq 4,3 milyard avroya düşüb.
Şirkətin gəlirləri də geriləyib. Belə ki, BMW-nin ümumi gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz azalaraq 92,7 milyard avro olub.
Maliyyə göstəricilərindəki geriləməyə Almaniya avtomobil sənayesində yaşanan ümumi böhranın təsir etdiyi bildirilir. Pandemiya dövründə başlayan çətinliklər 2022-ci ildən etibarən enerji daşıyıcılarının qiymətlərinin kəskin artması və Çin avtomobil istehsalçılarının rəqabətinin güclənməsi ilə daha da dərinləşib.
Bundan əlavə, ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları və Yaxın Şərqdəki böhranın nəticələri də BMW-nin maliyyə göstəricilərinə mənfi təsir göstərən amillər sırasında qeyd olunur.
00:46 05.11.2026
Oxunuş sayı: 59