Süni intellekt mediadan bəhrələnir, media nə qazanır?
Süni intellekt texnologiyalarının sürətlə inkişafı media sektoru qarşısında
yeni imkanlarla yanaşı, ciddi hüquqi və iqtisadi problemlər də yaradır. Artıq
insanlar gündəlik xəbərləri oxumaq üçün mütləq xəbər saytlarına daxil olmur,
süni intellekt əsaslı çatbotlara suallar ünvanlayaraq istədikləri məlumatı
birbaşa cavab şəklində əldə edirlər. Bu isə media qurumlarının hazırladığı
materialların süni intellekt tərəfindən necə istifadə olunması, müəllif
hüquqlarının qorunması və jurnalist əməyinin qarşılığının verilməsi
məsələlərini aktuallaşdırır.
Ənənəvi media uzun illər ərzində xəbər toplamaq, hadisə yerindən məlumat
əldə etmək, araşdırma aparmaq, jurnalist və redaktor əməyinə vəsait ayırmaqla
öz informasiya məhsulunu formalaşdırıb. Lakin süni intellekt sistemləri
internetdəki materiallardan istifadə edərək oxucuya hazır cavab təqdim etdikdə,
istifadəçi bəzən ilkin xəbərin dərc olunduğu sayta daxil olmağa ehtiyac duymur.
Nəticədə media qurumları həm auditoriya, həm də reklam gəlirləri baxımından
itkilərlə üzləşə bilərlər. Beləliklə, jurnalist əməyinin nəticəsindən istifadə
edən texnologiya şirkətləri ilə həmin materialları hazırlayan media qurumları
arasında maraqlar toqquşması meydana çıxır.
Məsələ artıq beynəlxalq hüquq müstəvisində də müzakirə olunur. Avropa
İttifaqı Ədalət Məhkəməsinin baş vəkili Maciej Szpunar “Like Company” ilə
“Google” arasında yaranmış mübahisə üzrə rəyində bildirib ki, süni intellekt
çatbotlarının xəbərləri elə formada yenidən təqdim etməsi ki, oxucunun ilkin
materiala müraciət etməsinə ehtiyac qalmasın, bəzi hallarda nəşriyyatçıların
hüquqlarını poza bilər. Onun yanaşmasına görə, xəbər materiallarında yer alan
faktların ötürülməsi ilə jurnalistlərin həmin faktları özünəməxsus formada
təqdim etməsi fərqli məsələlərdir. Müəllif hüquqları faktların özünü deyil,
materialın orijinal ifadə formasını qoruyur. Bununla belə, baş vəkilin rəyi
məhkəmə üçün məcburi deyil və yekun qərar hələ açıqlanmalıdır.
Bu mübahisə təkcə Avropa mediası və texnologiya şirkətləri üçün deyil, Azərbaycan mediası üçün də aktualdır. Yerli xəbər saytları da materialların hazırlanmasına jurnalist, redaktor, texniki heyət və digər resurslar sərf edir. Süni intellekt sistemləri həmin xəbərləri mənbəyə yönləndirmədən ümumiləşdirərək təqdim edərsə, media qurumlarının oxucu auditoriyasına və iqtisadi dayanıqlılığına necə təsir göstərəcək?

Crossmedia.az-a açıqlama verən media eksperti Hacıbəy Heydərli bildirib ki,
bu məsələdə ilk növbədə nəzərə almalıyıq ki, hər bir xəbərin arxasında
jurnalistin əməyi, araşdırması, informasiya toplamaq üçün sərf etdiyi vaxt və
media qurumunun maliyyə resursları dayanır:
“Jurnalist hadisə yerinə gedir, müsahibələr alır, məlumatları yoxlayır və
ictimaiyyətə çatdırır. Lakin süni intellekt həmin materialları ümumiləşdirərək
oxucuya hazır informasiya şəklində təqdim etdikdə, istifadəçinin xəbər saytına
daxil olmaq ehtiyacı azalır. Bu isə media qurumlarının auditoriyasına, reklam
gəlirlərinə və ümumilikdə iqtisadi dayanıqlılığına mənfi təsir göstərir.
Məsələ yalnız kliklərin və baxış saylarının azalması ilə məhdudlaşmır.
Uzunmüddətli perspektivdə bu proses keyfiyyətli jurnalistikanın
maliyyələşməsini çətinləşdirə, araşdırma jurnalistikasına ayrılan resursları
azalda və müstəqil media qurumlarının fəaliyyətinə təsir edə bilər. Əgər
informasiyanı istehsal edən tərəf iqtisadi baxımdan zəifləyirsə, həmin
informasiyadan istifadə edən texnologiyaların inkişafı da müəyyən mənada
dayanıqlı model üzərində qurulmamış olur”.
Ekspert hesab edir ki, süni intellekt şirkətləri media materiallarından
istifadə edərkən müəllif hüquqlarına hörmət etməli, şəffaflıq və ədalətli
əməkdaşlıq prinsiplərini əsas götürməlidirlər:
“Media qurumlarının materiallarından kommersiya məqsədilə istifadə olunursa,
bunun hüquqi çərçivəsi, lisenziyalaşdırma və kompensasiya mexanizmləri aydın
müəyyən edilməlidir. Eyni zamanda, süni intellekt tərəfindən təqdim olunan
məlumatlarda ilkin mənbəyə istinad edilməsi və istifadəçinin orijinal xəbərə
yönləndirilməsi vacibdir.
Düşünürəm ki, burada əsas məqsəd süni intellektin inkişafını məhdudlaşdırmaq
deyil, texnoloji inkişafla jurnalist əməyinin qorunması arasında ədalətli
balans yaratmaqdır. Media qurumları da yeni texnoloji reallıqlara uyğunlaşmalı,
süni intellekt imkanlarından öz fəaliyyətlərində daha səmərəli istifadə
etməlidirlər. Ancaq bu əməkdaşlıq birtərəfli olmamalıdır.
Unutmamalıyıq ki, süni intellektin cavablarında istifadə olunan
informasiyanın böyük hissəsinin arxasında real jurnalistlərin və media
qurumlarının əməyi dayanır. Bu əmək qorunmasa, gələcəkdə etibarlı informasiya
istehsalının özü təhlükə altına düşə bilər. Süni intellekt medianın yaratdığı
informasiyadan faydalanırsa, medianın yaşaması və inkişafı üçün də məsuliyyətli
əməkdaşlıq modeli formalaşdırılmalıdır. Texnologiya inkişaf etməli, amma bu
inkişaf jurnalist əməyinin və müəllif hüquqlarının hesabına baş verməməlidir”.
Məhəbbət Tərlanoğlu
10:00 05.11.2026
Oxunuş sayı: 238