Tramp Senatı tənqid etdi: Saatlar niyə dəyişdirilir?
ABŞ Prezidenti Donald Tramp ölkədə saatların mövsümi olaraq dəyişdirilməsini tənqid edib və yay vaxtının daimi tətbiqini nəzərdə tutan qanun layihəsinin Senat tərəfindən hələ də təsdiqlənməməsindən narazılığını bildirib.
Crossmedia.az xəbər verir ki, Donald Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Tramp “Sunshine Protection Act” (Günəş işığının qorunması haqqında qanun) adlı qanun layihəsinin qəbul edilməməsini təəssüflə qarşıladığını bildirib.
“Təəssüf ki, Senat hələ də ‘Sunshine Protection Act’, yaxud mənim adlandırdığım kimi, ‘Artıq saatlarımı dəyişdirmək istəmirəm’ qanununu təsdiqləməyib”, – deyə ABŞ Prezidenti qeyd edib.
O, havanın erkən qaralmasından da şikayətlənib.
“Çöldə hava çox tez qaralır. Günəş saat 17:06-da batıb, 17:31-də isə artıq tam qaranlıq olub. Bu, absurd deyilmi? Cəmi bir neçə gün əvvəl eyni saatlarda hava günəşli və işıqlı idi”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti insanların saatlarını dəyişdirmək məcburiyyətində qalmasını da tənqid edərək mövcud sistemdən narazılığını ifadə edib.
Qeyd edək ki, “Sunshine Protection Act” qanun layihəsi ABŞ-da yay vaxtının ilboyu qüvvədə saxlanılmasını və saatların ildə iki dəfə dəyişdirilməsi praktikasına son qoyulmasını nəzərdə tutur.
09:46 05.11.2026
Oxunuş sayı: 74