Qırğızıstanda energetik içkilər qadağan oluna bilər
Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə energetik içkilərin istehsalının və idxalının tamamilə qadağan edilməsi məsələsinə baxılması barədə hökumətə tapşırıq verib.
Crossmedia.az xəbər verir ki, Sadır Japarov bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Prezident bildirib ki, tərkibində yüksək miqdarda şəkər və kofein olan energetik içkilərin müntəzəm istehlakı xüsusilə gənc nəslin sağlamlığı üçün ciddi təhlükə yaradır.
Onun sözlərinə görə, bu içkilərin həddindən artıq qəbulu infarkt, şəkərli diabet və böyrək xəstəlikləri kimi ciddi sağlamlıq problemləri ilə əlaqələndirilir. Nəticədə dövlət vətəndaşların müalicəsinə böyük məbləğdə vəsait xərcləməli olur.
Japarov hökumətə bir ay ərzində energetik içkilərin istehsalı və idxalının qadağan edilməsi məsələsini araşdırmağı, altı ay ərzində isə müvafiq tənzimləyici tədbirlər görməyi tapşırıb.
Prezident vurğulayıb ki, mümkün qadağa nəticəsində dövlət büdcəsi təxminən 1,5 milyard som gəlirdən məhrum ola bilər. Lakin onun fikrincə, əhalinin sağlamlığı iqtisadi gəlirlərdən üstün tutulmalıdır.
10:32 05.11.2026
Oxunuş sayı: 60