Nobel mükafatçısı: Süni intellekt heç yaradılmasaydı, daha yaxşı olardı
Nobel mükafatı laureatı, kompüter elmləri üzrə alim Ceffri Hinton süni intellektin nəzarətsiz inkişafının bəşəriyyət üçün ciddi təhlükələr yarada biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, “The Guardian” nəşri bu barədə məlumat yayıb.
Süni intellekt texnologiyasının yaradıcılarından biri hesab olunan alim bildirib ki, 2026-cı ilin sonlarında və ya 2027-ci ildə bu texnologiya elektrik təchizatında genişmiqyaslı fasilələrə və maliyyə sistemlərinin fəaliyyətində ciddi pozuntulara səbəb ola bilər.
Hinton süni intellektlə bağlı mümkün böhranı 1986-cı ildə baş vermiş Çernobıl nüvə qəzası ilə müqayisə edib.
Alimin sözlərinə görə, texnologiyanın nəzarətsiz inkişafı kütləvi işsizliyə, gəlir bərabərsizliyinin dərinləşməsinə və ciddi sosial problemlərə gətirib çıxara bilər.
“Bəlkə də, süni intellekt heç yaradılmasaydı, daha yaxşı olardı”, – deyə Nobel mükafatçısı bildirib.
Hinton süni intellektin müsbət imkanlarını da qəbul etdiyini, lakin onun yaratdığı risklərin vaxtında qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
O, süni intellekt modellərinin istifadəyə verilməzdən əvvəl müstəqil qurumlar tərəfindən yoxlanılmasını, beynəlxalq əməkdaşlığın gücləndirilməsini və məcburi təhlükəsizlik qaydalarının tətbiqini təklif edib.
Xatırladaq ki, alim sentyabr ayında verdiyi açıqlamada da süni intellekt üzərində nəzarətin tamamilə itirilməsinin qarşısını almaq üçün zəruri təhlükəsizlik tədbirlərini həyata keçirməyə cəmi bir il vaxt qala biləcəyi barədə xəbərdarlıq etmişdi.
10:04 05.11.2026
Oxunuş sayı: 69