Meyvə ağacına mismar vurmaq məhsuldarlığı artırırmı?
Meyvə ağaclarının gövdəsinə mismar vurmağın onların daha tez bar verməsinə kömək etdiyi iddia olunur. Lakin mütəxəssislər bu üsulun məhsuldarlığı artırmasının elmi cəhətdən sübut edilmədiyini və ağaclara zərər verə biləcəyini bildirirlər.
Crossmedia.az xəbər verir ki, “Blikk” nəşri bu barədə məlumat yayıb.
Bağban Mariluza del Kampunun sözlərinə görə, gövdəyə mismar vurulması ağacda təbii stress reaksiyası yarada bilər. Belə vəziyyətdə bitkinin inkişaf prosesində dəyişiklik baş verir və onun resurslarının bir hissəsi çiçəklənmə və meyvə əmələ gətirməyə yönələ bilər.
Mütəxəssis hesab edir ki, ağac potensial təhlükə hiss etdikdə sağ qalma mexanizmi kimi çoxalma prosesini sürətləndirə bilər. Lakin bu reaksiyanın bitkinin növündən asılı olduğu vurğulanır.
Bununla belə, gövdəyə mismar vurmağın meyvə məhsuldarlığını artırdığı təsdiqlənməyib. Bəzi stress amillərinin müəyyən bitkilərdə çiçəklənməyə təsir göstərməsi bütün növ zədələnmələrin müsbət nəticə verəcəyi anlamına gəlmir.
Mismar vurmazdan əvvəl nələrə diqqət edilməlidir?
Mütəxəssislər xəbərdarlıq edirlər ki, ağacın gövdəsinin zədələnməsi onun daxili quruluşunu poza və göbələklərin, eləcə də digər mikroorqanizmlərin bitkiyə daxil olmasını asanlaşdıra bilər. Bu isə infeksiyaların yaranmasına səbəb ola bilər.
Xüsusilə cavan, zəifləmiş və xəstə ağacların çiçəklənməsini sürətləndirmək məqsədilə gövdəsinə mismar vurmaq tövsiyə edilmir. Paslı mismardan istifadə də bitkinin daha çox qida maddəsi alacağına və məhsuldarlığının artacağına zəmanət vermir.
Mütəxəssislərin fikrincə, sağlam çiçəklənməni və bol məhsulu təmin etməyin ən düzgün yolu ağacın təbii inkişaf dövrünə uyğun qulluq göstərmək, suvarma, qidalanma və budama qaydalarına əməl etməkdir.
Qeyd edək ki, mütəxəssislər daha əvvəl evin müxtəlif otaqları üçün uyğun bitkilərin adlarını açıqlayıblar. Bildirilib ki, mənzildə və ya evdə bitki yetişdirərkən hər növün fərdi ehtiyaclarını nəzərə almaq vacibdir.
Bundan başqa, noyabr ayında budanması tövsiyə olunan üç kol bitkisi haqqında da məlumat verilib. Bu ay bitkilərin soyuq havaya hazırlanması ilə yanaşı, bəzi kolların budanması üçün də əlverişli dövr hesab olunur.
06:00 05.11.2026
Oxunuş sayı: 64