Dunayın suyu kəskin azalıb: Macarıstan həyəcan siqnalı verdi
Macarıstanın Baş naziri Peter Macar bildirib ki, Dunay çayında suyun səviyyəsinin sürətlə aşağı düşməsi səbəbindən Paks Atom Elektrik Stansiyası (AES) yaxın həftəsonunda tamamilə fəaliyyətini dayandıra bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝24.hu˝ məlumat yayıb.
Baş nazir təcili video müraciətində bildirib ki, gecə və səhər saatlarında stansiyanın enerji bloklarından bəzilərinin fəaliyyəti yenidən dayandırılıb. Nəticədə AES-in gücü adi 2000 meqavatdan 480 meqavata qədər azalıb.
Elektrik enerjisi istehsalının azalması səbəbindən Macarıstanın enerji sisteminin operatoru MAVIR ciddi nasazlıqlar zamanı tətbiq edilən fəaliyyət protokolunu işə salmaq məcburiyyətində qalıb.
Macar daha əvvəl stansiyanın tam dayandırılmasının yalnız bazar ertəsi baş verə biləcəyini bildirmişdi. Lakin suyun səviyyəsinin daha sürətlə azalması səbəbindən AES-in daha əvvəl dayandırılması ehtimalı yaranıb.
Enerji sistemini sabitləşdirmək üçün hakimiyyət ehtiyat elektrik stansiyalarından istifadə etməyi planlaşdırır. Bundan əlavə, təmirdən sonra bazar günündən etibarən 400 meqavat gücündə Dunay İES-in bloklarından birinin yenidən fəaliyyətə başlayacağı gözlənilir.
Böyük sənaye istehlakçıları artıq könüllü şəkildə elektrik enerjisi istehlakını təxminən 240 meqavat azaldıblar. Lakin Paks AES-in gücünün daha da azalacağı təqdirdə bunun kifayət etməyə biləcəyi bildirilir.
Hökumət enerji istehlakına mümkün məhdudiyyətlərin tətbiqi qaydasını da dəyişib. İlk növbədə iri müəssisələrdən istehlakı azaltmaları xahiş ediləcək. Bu kifayət etmədikdə MAVIR sənaye müəssisələri üçün məcburi məhdudiyyətlər tətbiq edə, hətta ayrı-ayrı şirkətləri elektrik şəbəkəsindən ayıra biləcək. Əhali üçün məhdudiyyətlər isə yalnız sonuncu tədbir kimi tətbiq ediləcək.
Hakimiyyət əlavə tədbirlər də açıqlayıb. Bazar ertəsindən ən gərgin saatlarda — 17:00-dan 22:00-dək — yük qatarlarının hərəkəti dayandırılacaq. Dövlət qulluqçuları gələn həftənin ilk üç günü məsafədən işləyəcəklər. Özəl şirkətlərə də ofis binalarından istifadənin azaldılması tövsiyə olunub.
Bundan başqa, dövlət müəssisələrinin dekorativ işıqlandırılması söndürüləcək, suyun vacib olmayan məqsədlərlə istifadəsinə, o cümlədən idman obyektlərinin suvarılmasına və hovuzların doldurulmasına məhdudiyyətlər tətbiq ediləcək.
Macar hökumətin ən çox zərər çəkmiş ərazilərdə su istifadəsinə məhdudiyyətlərin üçüncü və ən yüksək səviyyəsinin tətbiq edilməsini tapşırdığını da bildirib.
Baş nazir yaranmış vəziyyətə görə əvvəlki hökuməti məsul tutub. Onun sözlərinə görə, hakimiyyət 2018-ci ildən “Paks” AES yaxınlığında su səviyyəsinin azalması ilə bağlı risklərdən xəbərdar olub, lakin soyutma sisteminin modernləşdirilməsi üçün zəruri tədbirlər uzun illər gecikdirilib.
18:45 01.08.2026
Oxunuş sayı: 58