Rusiya BMT rəhbərliyinin siyasətini tənqid etdi
Lavrov BMT rəhbərliyinin Qərb dövlətlərinin maraqlarına xidmət etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin hazırkı baş katibi Antonio Quterreş və onun komandasının faktiki olaraq Qərb dövlətlərinin maraqlarına xidmət etdiyini iddia edib.
Lavrov Nyu-Yorkda keçirilən mətbuat konfransında bildirib ki, Rusiya BMT-nin nizamnamədə nəzərdə tutulduğu kimi, bütün dövlətlərin maraqlarının razılaşdırılması üçün həqiqi mərkəzə çevrilməsində maraqlıdır.
Onun sözlərinə görə, təşkilatın hazırkı katibliyi bunun əvəzinə qərəzli yanaşmaları və ikili standartları təşviq edir və böyük ölçüdə Qərb ölkələrinin maraqlarına xidmət göstərir.
Daha əvvəl Rusiya XİN-in Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov da Quterreşi tənqid edib. O, baş katibin fəaliyyəti nəticəsində BMT-yə olan etimadın zəiflədiyini bildirib.
Loqvinov Quterreşin fəaliyyətinin səlahiyyətlərin mütəmadi şəkildə aşılması, BMT Nizamnaməsinin əsas norma və prinsiplərindən uzaqlaşma ilə yadda qaldığını deyib. Onun sözlərinə görə, bu yanaşmalar xüsusilə Ukraynadakı münaqişə fonunda özünü daha qabarıq göstərib.
21:44 26.09.2026
Oxunuş sayı: 36