ABŞ-də süni intellektin tənzimlənməsi ilə bağlı fikir ayrılığı dərinləşir
ABŞ-də süni intellektin sürətli inkişafının necə tənzimlənməli olduğu ilə bağlı texnologiya rəhbərləri və siyasətçilər arasında fikir ayrılığı artır.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
“OpenAI” rəhbəri Sem Altman süni intellektlə bağlı ictimai narahatlıqların əsaslı olduğunu bildirərək texnologiyanın inkişaf tempinə və təhlükəsizlik məsələlərinə daha ciddi yanaşılmasının vacibliyini vurğulayıb. O, süni intellekt modellərinin imkanlarının sürətlə artdığını və təhlükəsizlik tədbirlərinin bu inkişafı qabaqlamalı olduğunu deyib.
“Nvidia” şirkətinin rəhbəri Jensen Huang isə yeni məcburi tənzimləmələrin tətbiqinə qarşı çıxaraq şirkətlərin təhlükəsizlik məsələlərində özünü tənzimləyə biləcəyini bildirib. Reuters-in məlumatına görə, Huang süni intellektin inkişafının dayandırılması və ya yavaşladılması ilə bağlı çağırışların könüllü xarakter daşımalı olduğunu qeyd edib.
ABŞ senatoru Berni Sanders isə süni intellektin yaratdığı risklərin miqyasının nüvə silahlarının yaratdığı təhlükələri belə ötə biləcəyini bildirib və şirkətlərin mümkün riskləri cəmiyyətin üzərinə, gəlirləri isə öz üzərinə götürməsinin qarşısının alınmasını tələb edib. O, qabaqcıl süni intellektin inkişafına nəzarət üçün qanunvericilik tədbirlərinin görülməsini müdafiə edir.
ABŞ Prezidenti Donald Tramp isə süni intellektlə bağlı təhlükəsizlik narahatlıqlarını rədd edərək texnologiyanın inkişafının dayandırılmasına qarşı çıxıb. O, ABŞ-nin Çinlə süni intellekt sahəsində rəqabətdə üstünlüyünü qorumasının vacib olduğunu bildirib və bu sahədə lider ölkənin qlobal iqtisadi üstünlük əldə edəcəyini deyib.
Müzakirələr fonunda ABŞ-də hər iki siyasi düşərgədən olan bəzi siyasətçilər süni intellekt üçün daha sərt nəzarət mexanizmlərinin yaradılmasını tələb edir. Ekspertlər isə ABŞ-nin daxili nəzarət mexanizmlərini gücləndirməsinin beynəlxalq standartların formalaşmasına təsir göstərə biləcəyini bildirirlər.
01:45 27.09.2026
Oxunuş sayı: 40