Mehdiyevlərin var-dövlətinə dərhal həbs qoyulmalıdır - Tural Abbaslı
Mərkəzi Bankın qərarı ilə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevaya məxsus "Bank BTB" ASC-nin lisenziyası ləğv edilərək BOKT-a çevrilməsi və aktiv-öhdəliklərinin Azərbaycan Beynəlxalq Bankına ötürülməsi ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Ramiz Mehdiyev və ailə üzvləri haqqında cinayət işinin başladığı və Nigar Mehdiyevanın cinayət məsuliyyətinə cəlb edildiyi bir vaxtda bu maliyyə addımının hüquqi və siyasi mahiyyəti maraq doğurur. Məsələ ilə bağlı Ağ Partiyanın üzvi Tural Abbaslı Crossmedia.az-a açıqlama verib.

O, bildirib ki, bu prosesi Mehdiyevlər ailəsinin maliyyə imkanlarının məhdudlaşdırılması kimi qiymətləndirmək doğru deyil:
"Bu məsələyə heç də Mehdiyevlər ailəsinin bankına əl qoyulması və ya dövlət nəfinə müsadirə olunması kimi baxmıram. Şirkət sadəcə bank lisenziyasını bank olmayan kredit təşkilatı statusuna dəyişib. Yəni onların gəlir və qazancları yenə də özlərində qalacaq. Bank olaraq kimsə qarşısında götürdükləri öhdəliklər və ya verdikləri kreditlər Beynəlxalq Banka ötürülüb. Dolayısı ilə, bu addım Mehdiyevlər ailəsinin gəlir yerlərinə və ya kommersiya obyektlərinə əl qoyulması demək deyil. Əksinə, ola bilsin ki, bu, onların gələcək hüquqi qərarlardan və mümkün müsadirələrdən yayınması üçün atılmış bir addımdır".
T.Abbaslı vurğulayıb ki, beynəlxalq təcrübəyə uyğun olaraq bu kəsimdə şəxslərin əmlakı dərhal dondurulmalıdır və o, hüquq-mühafizə orqanlarına çağırış edir: "Bütün dünya praktikasında belədir: əgər keçmiş vəzifəli şəxs və ya onun ailəsi haqqında ağır maddələrlə cinayət işi açılırsa, adətən onların bütün əmlaklarına dövlət tərəfindən dərhal həbs qoyulur. Əmlakın idarəçiliyi dövlətə həvalə olunur ki, maliyyə resurslarını və mülkiyyəti yayındıra bilməsinlər. Çünki bu sərvətlərin hamısı qanunsuz yolla əldə olunub. Lakin təəssüf ki, Mehdiyev və onun ailəsinə münasibətdə hələlik belə bir addım görmürük. Onların kifayət qədər mülkiyyəti var, öz adlarınadır və heç birinə həbs qoyulmayıb. Sadə bir vətəndaşın banka borcu olsa, evinə, avtomobilinə dərhal həbs qoyulur, onu sata və ya xaricə çıxara bilmir. Lakin Mehdiyevlər ailəsi istədiyini edir. Buradan hüquq-mühafizə orqanlarına çağırış edirəm: əgər Ramiz Mehdiyev və onun ailə üzvləri barəsində cinayət işi varsa, ən azı məhkəmə işi bitənə qədər onların bütün əmlaklarının üzərinə dərhal həbs qoyulmalı və dövlət nəzarətinə götürülməlidir. Hamımız bilirik ki, bu əmlakların böyük əksəriyyəti qanunsuz yolla əldə olunub və xalqın olmalıdır”.
Fatimə Cabbarlı
19:00 01.08.2026
Oxunuş sayı: 52