Bu gün “Nərdivan”ın bir pilləsi boş qaldı..
Hər ölüm eyni olmur. Elə adamlar var ki, onların həyatı ürəyinin döyüntüsü ilə yox, yazdığı misraların ömrü ilə ölçülür. Onlar torpağa tapşırılanda belə səsi torpağın altından yox, kitab rəflərindən, məktəb dərsliklərindən, radionun köhnə lentlərindən, yaddaşların ən sakit guşələrindən gəlir.
Bu gün Azərbaycan həmin səslərdən birini itirdi.
Nəriman Həsənzadə...
Amma doğrudanmı itirdi?
Yoxsa o, özünün illər əvvəl yazdığı o məşhur nərdivanın son pilləsini sakitcə enərək sadəcə görünməyən tərəfə keçdi?
“Bu dünya nərdivandı,
qalxanda mehribandı,
enəndə nə yamandı..."
Bu misralar illərlə həyat fəlsəfəsi kimi səslənirdi. Bu gün isə həmin şeir tamam başqa cür oxunur. Sanki şair öz taleyini onilliklər əvvəl yazmışdı. O, ömrü boyu pillələri qalxdı – sözün, ədəbiyyatın, dövlət xidmətinin, müəllimliyin pillələrini. İndi isə enən təkcə bir insan deyil. Bir dövr enir.
1931-ci ilin fevralında Poylu qəsəbəsində dünyaya gələn balaca Nərimanın taleyi uşaqlıqdan onu ağır sınaqlarla üz-üzə qoymuşdu. Bir yaşında atasını itirdi. İyirmi üç yaşında isə anasını...
Valideyn itkisini yaşayan adamlar ya həyata küsür, ya da sözü özlərinə ata-anaya çevirirlər.
Nəriman Həsənzadə ikinci yolu seçdi.
Filologiyanı oxudu, müəllim oldu, hərbi xidmət keçdi, Moskvanın ədəbi mühitində yetişdi, Qorki adına Ədəbiyyat İnstitutunda püxtələşdi, elmi fəaliyyətlə məşğul oldu, "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə etdi. Sonra televiziya, radio, qəzet, jurnal, nəşriyyat, dövlət qurumları...
Ancaq bütün vəzifələrin arasında dəyişməyən yalnız bir peşəsi vardı.
Şair olmaq..
Nəriman Həsənzadənin poeziyasında sevgi sadəcə hiss deyil. Əxlaqdır. İnamdır. Sədaqətdir.
Bəlkə də buna görə qadın haqqında yazdığı misralar bu gün də köhnəlmir.
“Qadın yer üzünə bir yaraşıqdı,
o bir əlifbadı, oxuyan gərək.
Bir az ərköyündü, qəlbi açıqdı,
onu özündən də qoruyan gərək”.
Bu dörd misrada qadına verilən qiymət yüzlərlə uzun məqalədən daha böyükdür.
Qadın onun üçün gözəllik predmeti deyil.
Oxunmalı kitabdır, qorunmalı sirrdir, ilahi əmanətdir.
Elə müsahibələrinin birində də bunu etiraf edirdi. Deyirdi ki, dövrlər dəyişir, geyimlər dəyişir, insanlar dəyişir. Telefonlar, texnologiyalar, münasibətlər dəyişir. Amma onun sevgiyə baxışı dəyişmir.
"Qadın ilahi bir varlıqdır mənim nəzərimdə." Bu cümlə sadəcə fikir deyildi. Bu, onun bütün yaradıcılığının gizli açarı idi.
Bəlkə də buna görə onun sevgi şeirləri yaşa yox, ürəyə yazılıb.
"Mən səni sevəndə yaz havasıydı..."
Şair burada sevgini baharla başlayır. Amma baharı saxlamaq olmur.
"Həyatım əlində quş yuvasıydı,
Quran özün oldun, uçuran özün”.
Bundan böyük ayrılıq metaforası tapmaq çətindir…
İnsan bəzən dağıdanın yad olmadığını anlayanda daha çox sınır. Çünki yuvanı quran da sevdiyindir. Dağıdan da.
Bu şeirlərdə qışqırıq yoxdur.
Sakit ağrı var. Elə buna görə oxucunu sarsıdır.
Onun həyatındakı ən gözəl şeir isə heç vaxt kitab halında çap olunmadı.
O şeirin adı SARA idi.
Nəriman Həsənzadənin həyat yoldaşı...
Onların sevgisi bu gün sürətlə dəyişən münasibətlər fonunda nağıl kimi görünür. Şair sevgini gündəlik hiss kimi yaşamırdı. O, sevgini ömürlük məsuliyyət hesab edirdi. Sevdiyi insana sədaqəti yazdıqları qədər yaşadı. Onun şeirlərindəki qadın obrazlarının arxasında çox vaxt bir insan dayanırdı – ömrünü paylaşdığı Sara xanım..
Bəlkə də buna görə sevgi haqqında danışanda "keçmiş daha yaxşı idi" demirdi.
Sadəcə deyirdi:
"Mən necə sevmişəmsə, elə də yazmışam”. Bu cümlədə böyük bir səmimiyyət yatır. Şair özünü mifləşdirmirdi. Sadəcə yaşadığını yazırdı.
Nəriman Həsənzadənin şeirlərində qəribə bir tənhalıq var. Adam oxuyur və hiss edir ki, müəllif insanlardan inciməyib. Sadəcə dünyanın faniliyini qəbul edib.
“Gedən getdi, səsi yoxdu...
Dünyanın heç kəsi yoxdu,
heç kəsə məhrəm olmayıb”.
Bu misralar insanı qorxutmur. Ayıldır. Çünki ömür boyu hamımız kimlərəsə bağlanırıq. Amma dünya heç kimə bağlanmır. Şair bunu çox sadə dillə deyə bildiyi üçün böyükdür.
Ədəbiyyatda söz yazan çox olur. Sözə çevrilən isə az. Nəriman Həsənzadə artıq bioqrafiyası ilə yox, misraları ilə yaşayacaq adamlardandır.
Onun ömrü Poyludan başladı.
Moskvada püxtələşdi.
Bakıda böyüdü.
Azərbaycan ədəbiyyatında əbədiləşdi.
Müəllim oldu.
Redaktor oldu.
Nazir müavini oldu.
Akademik oldu.
Amma bütün titulların qarşısında bir söz həmişə böyük qaldı:
Şair.
Bu gün – 1 avqust 2026-cı ildə Nəriman Həsənzadənin ürəyi susdu. Ancaq qəribədir... Elə bil onun "Nərdivan" şeirindəki son pilləyə biz baxırıq, o isə yuxarıdan bizə baxıb yenə sakitcə gülümsəyir. Bəlkə də ölüm onun üçün son deyil. Sadəcə başqa bir misranın başlanğıcıdır. Çünki yaxşı şairlər ölmür. Onlar sadəcə kitabın növbəti səhifəsinə keçir. Və biz hər dəfə onun misralarını açanda anlayacağıq ki, Azərbaycan poeziyası bu gün bir şairini itirmədi.
Əksinə...
Bir ömrün necə yaşanmalı olduğunu yazıb gedən böyük bir söz adamını əbədiyyətə yola saldı.. Ruhun şad, yerin cənnət olsun, gözəl insan!
Türkanə Məşədiyeva
19:35 01.08.2026
Oxunuş sayı: 1854