Presley Gerber 27 yaşında vəfat edib
ABŞ-li supermodel Sindi Kroufordun 27 yaşlı oğlu Presley Gerber vəfat edib.
Crossmedia.az xəbər verir ki, “TMZ” bu barədə məlumat yayıb.
Los-Anceles dairəsinin Tibbi Ekspertiza İdarəsinin məlumatına görə, Gerber bazar günü reabilitasiya müəssisəsində dünyasını dəyişib. Onun ölüm səbəbi hələ açıqlanmayıb. Ölüm faktı ilə bağlı yarılma prosesi də başa çatmayıb.
Sindi Krouford və Gerberin atası, biznesmen Rande Gerberin nümayəndəsi Elli Cenkins onun ölümünü “TMZ”yə təsdiqləyib. O, ailənin bu çətin və ağrılı dövrdə məxfiliyə hörmət göstərilməsini istədiyini bildirib.
Presley Gerber Sindi Krouford və Rande Gerberin yeganə oğlu, model və aktrisa Kaya Gerberin isə böyük qardaşı olub.
Gerber 15 yaşında “IMG Models” agentliyi ilə müqavilə imzaladıqdan sonra modellik fəaliyyətinə başlayıb. O, daha sonra “Calvin Klein” və “Dolce & Gabbana” kimi məşhur brendlərin reklam kampaniyalarında və moda nümayişlərində iştirak edib.
Presley Gerber 2019-cu ilin yanvarında Kaliforniyada avtomobili sərxoş vəziyyətdə idarə etmək şübhəsi ilə saxlanılıb. “TMZ”nin məlumatına görə, o, daha sonra üç il sınaq müddətinə məhkum edilib, xüsusi sürücülük proqramına cəlb olunub və iki gün ictimai işlər görüb.
12:47 21.09.2026
Oxunuş sayı: 46