"Vital Hospital" hadisəsi nəyi üzə çıxardı?: “Nazirlik müntəzəm amalar həyata keçirməlidir”
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin "Vital Hospital"da keçirdiyi plandankənar yoxlama zamanı infeksion nəzarət, sterilizasiya, tibbi tullantıların idarə olunması, lisenziya tələbləri və kadr təminatı ilə bağlı ciddi pozuntular aşkarlanıb. Bunun nəticəsində tibb müəssisəsinin stasionar fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. Baş verən hadisə ölkədə özəl tibb müəssisələrinə nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Crossmedia.az-a açıqlamasında bildirib ki, Azərbaycanda nəzarət mexanizmlərinin zəifliyi təkcə səhiyyə sahəsinə aid deyil:
"Azərbaycanda ümumiyyətlə müxtəlif fəaliyyət sahələrinə nəzarət mexanizmləri olduqca zəifdir. Bu, təkcə səhiyyədə deyil, bütün sahələrdə belədir. İctimai nəzarət də zəifdir. Bir çox təşkilatların nəzdində İctimai Nəzarət Şuraları yaradılıb, amma bu günə qədər həmin şuralar nəzarət etdikləri orqanların fəaliyyətində demək olar ki, heç bir qüsur aşkar etmirlər. Halbuki bir müddət sonra həmin müəssisələrdə milyardlarla vəsaitin mənimsənilməsi və çoxsaylı qanun pozuntuları üzə çıxır".
Ekspert qeyd edib ki, səhiyyə sistemi də ümumi idarəetmə problemlərindən kənarda deyil:
"Səhiyyə də bu baxımdan istisna təşkil etmir. Bu, bütövlükdə cəmiyyətin bir hissəsidir. Təhsildə vəziyyət necədirsə, digər sahələrdə necədirsə, səhiyyədə də eyni problemlər mövcuddur. İstər xidmətin səviyyəsi, istər qiymətlərin müəyyən edilməsi, istərsə də tibb müəssisələrinin saxlanılması və qanunvericiliyin tələb etdiyi şərtlərin yerinə yetirilməsi ilə bağlı müxtəlif pozuntular olur".
Onun sözlərinə görə, belə halların qarşısını almaq üçün yoxlamalar yalnız hansısa hadisədən sonra deyil, müntəzəm şəkildə aparılmalıdır:
"Bu cür məsələlər ayrı-ayrı hospital və ya klinikalarla bağlı kampaniya xarakteri daşımamalıdır. Səhiyyə Nazirliyi bu cür yoxlamaları müntəzəm və sistemli şəkildə həyata keçirməlidir".
Ekspert hesab edir ki, problemin həlli yeni qanunların qəbulunda deyil, mövcud qanunların icrasındadır:
"Hesab edirəm ki, qanunları dəyişdirməklə və ya yeni qanunlar qəbul etməklə heç nəyə nail ola bilmərik. Mövcud qanunlar lazımi səviyyədə icra olunsa və onların yerinə yetirilməsinə ciddi nəzarət edilsə, bu, kifayət edər".
Zərnigar Hüseynli
18:00 01.08.2026
Oxunuş sayı: 61