Amerikalı generallar da etiraf edir: İran “ipə - sapa yatmır”
Yaxın Şərqdə gərginlik hər keçən gün yeni mərhələyə keçir. ABŞ və İsrailin İrana qarşı mümkün quru blokadasını müzakirə etməsi regionda siyasi, iqtisadi və təhlükəsizlik baxımından ciddi nəticələr doğura biləcək ssenarilərdən biri kimi dəyərləndirilir.

Crossmedia.az-a şərh edən hərbi ekspert Səxavət Məmməd hesab edir ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar indiyədək gözlənilən nəticəni verməyib:
"Amerika və İsrailin İrana qarşı apardığı hərbi əməliyyatlar istənilən nəticəni vermir. Bunu artıq amerikalı generallar, politoloqlar və ekspertlər də açıq şəkildə dilə gətirirlər. ABŞ qarşısına qoyduğu hədəfə çatmaq üçün bir deyil, bir neçə alternativ plan üzərində işləyir. Quru blokadası məsələsi də həmin variantlardan biridir və hətta iddia olunur ki, bu təklif Donald Trampa da təqdim edilib".
S.Məmmədin sözlərinə görə, Hörmüz boğazının blokadası gözlənilən effekti vermədiyi kimi, quru blokadasının da uğurlu olacağı inandırıcı görünmür:
"Hörmüz boğazının blokadası da istənilən nəticəni vermədi. Belə geniş ərazini tam nəzarətdə saxlamaq həm uzun vaxt, həm də böyük maliyyə tələb edir. Bu baxımdan quru blokadasının da effektiv olacağına inanmıram. ABŞ-də bir çox mütəxəssislər də bu fikri bölüşür".
Ekspert bildirib ki, İranın çoxsaylı quru sərhədləri belə bir planın icrasını çətinləşdirən əsas amillərdəndir:
"İranın Azərbaycan, Ermənistan, Pakistan, Əfqanıstan, Türkmənistan və digər ölkələrlə quru sərhədləri var. Belə bir blokadanın həyata keçirilməsi üçün bütün bu ölkələrin razılığı lazımdır. Mən isə düşünmürəm ki, onların hamısı buna razı olsun".
S.Məmməd qeyd edib ki, quru blokadası yalnız İrana deyil, region ölkələrinə də iqtisadi zərər vura bilər:
"Quru blokadası tətbiq olunarsa, təkcə İran itirməyəcək. Azərbaycanın idxal etdiyi bəzi məhsullar Bəndər Abbas limanı üzərindən gəlir, İranla ticarət əlaqələri mövcuddur. Eyni vəziyyət digər qonşu dövlətlər üçün də keçərlidir. ABŞ və İsrailin bu ölkələrin itkilərini kompensasiya edəcəyi real görünmür. Buna görə də quru blokadası hazırda yalnız müzakirə olunan variantlardan biridir və onun həyata keçirilmə ehtimalı çox aşağıdır".
Nigar Xəlilli
17:00 01.08.2026
Oxunuş sayı: 59